"Bu, "Bazel"lə oyunda "Qarabağ"a çətinlik yaradacaq" - Aslan Kərimov

8 Dekabr 2021 23:00 Qarabağ 1 889
"Bu, "Bazel"lə oyunda "Qarabağ"a çətinlik yaradacaq" - Aslan Kərimov

"Hər kəs kimi mənim də diqqətim bu matçda olacaq".

Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel"lə baş tutacaq oyunu haqqında danışan Aslan Kərimov deyib.

Komandamızın qrupu lider başa vurması üçün səfərdən mütləq qələbə ilə qayıtması lazımdır. "Qarabağ"ın sabiq üzvü bunun üçün ilk növbədə müdafiə xəttinin etibarlı olmasına diqqət çəkib:

"Medinanın yoxluğu narahatlıq yaradırdı. Qurban Qurbanov son oyunda "Bazel"lə oyun üçün onu qorudu. Düşünürəm ki, bu gün müdafiə xəttinin etibarlı olması çox vacibdir. Çünki "Kayrat" və "Omoniya" ilə müqayisədə "Bazel"in hücum xətti daha keyfiyyətlidir. Həm də oyun sistemi digər iki komandadan fərqlənir. "Bazel" Avropa standartlarına uyğun komandadır".

"Qarabağ"dan fərqli olaraq, meydan sahiblərinə bərabərlik də sərf edir. Bu baxımdan əksəriyyət "Bazel"in müdafiədən oyun quracağını düşünür. Amma Kərimov bu məsələdə fərqli fikirdədir:

"Əvvəlki "Bazel" olmasa belə, yenə hücum futbolu oynamağı bacaran komandadır. Bakıda da səfər oyunu olmasına baxmayaraq açıq futbol nümayiş etdirirdilər. Bərabərlik "Bazel"i qane etsə də, doğma meydanda buna razı olub qapalı futbol oynayası deyil.

Bu isə "Qarabağ"a çətinlik yaradacaq. Digər tərəfdən üstünlük də saymaq olar. Bakıda olduğu kimi müdafiədə etibarlı oynasaq, Kadi Borges, Filip Ozobiç və Qara Qarayevin uzun ötürmələri ilə müdafiənin arxasında boşluqlara tapa bilərik. Sürətli hücuma çıxmağı bacaran oyunçularımız da yetəri qədər var.

Bir də Abdullah Zubirin aktiv oyunu "Bazel"ə başağrısı ola bilər. Rəqib qapalı oynadığı halda belə, Zubir rəqiblərinə çətinlik yarada bilir. Amma boşluq olduğunda onun işi daha da asanlaşmış olacaq. İnanıram ki, müdafiədə rəqibə fürsət verməsək, minimum 2-3 real qol şansımız olacaq. Qələbəyə inanıram. Ümid edirəm ki, "Qarabağ" vətənə lider kimi qayıdacaq".

Xanoğlan

Digər Xəbərlər
Xəbər Lenti