3 NAMİZƏD - "Qarabağ"ın yeni mətbut katibi kim olacaq?

22 Yanvar 2021 09:40 Qarabağ 1 382
3 NAMİZƏD - "Qarabağ"ın yeni mətbut katibi kim olacaq?

Bilindiyi kimi, Nurlan İbrahimov bir neçə gün öncə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri postundan ayrıldı.

UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı "feysbuk"da ermənilərlə bağlı paylaşımına görə onu futbol sahəsində çalışmaqdan ömürlük məhrum edib.

Həmçinin Ağdam klubu 100 min avro məbləğində cərimələnib.

"Qarabağ"ın direktoru Əmrah Çelikel klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun istefasına münasibət bildirib. Deyib ki, komandanın həm avrokuboklarda iştirak edə bilməsi, həm də lisenziyalaşdırma üçün həmin şöbənin işlək vəziyyətdə olması lazımdır:

"UEFA Nurlan İbrahimova ömürlük cəza verib və bu qadağa qüvvədədir. O da bunun məsuliyyəti ilə belə bir qərar qəbul etdi. Təbii ki, İdman Arbitraj Məhkəməsinin (CAS) cavabından sonra tam dəqiq danışmaq olar.

Nurlan İbrahimov komandanın üzvü deyil, UEFA-nın qaydalarına görə, bu, mümkünsüzdür. Yalnız qərar dəyişəcəyi halda onun kluba mümkün qayıdışı barədə bir söz demək olar. Hazırda bu yer boşdur. Qaydalara görə, bu vəzifə üçün yeni təyinat olmalıdır. Amma vaxtı dəqiq bilinmir".

Hazırda vakant posta bir neçə media mənsubunun adı keçir. Onlardan ən real namizəd kimi göstərilənlər isə 3 şəxsdir. Bunlar Emin Abbasov, Gündüz Abbaszadə və Elman Himayətoğludur.

Abbasov əvvəllər də «Qarabağ»da çalışıb, uşaq futbol akademiyasında önəmli vəzifə tutub və buradan öz istəyi ilə ayrılıb. Daha sonra «Şüvəlan», «Xəzər» və «Sabah»da müxtəlif postlar tutub.

«Xəzər»TV-dəki fəaliyyəti ilə özünü onminlərlə futbolsevərə sevdirən Emin bəyin indinin özündə də «Qarabağ» rəhbərliyi və baş məşqçi Qurban Qurbanovla münasibətləri çox yaxşıdır.

Amma düzü, inanmırıq ki, o, «Sabah»da idman direktoru səlahiyyətlərini yerinə yetirmiş kimi indi gəlib mətbuat katibi işləməyə razılıq verər.

Futbol biliyinə və idarəçilik təcrübəsinə arxayın olan Abbasov, yəqin ki, statusunu itirməyə razılaşmaz. Hər halda o, iş xatirinə heç kimdən söz götürmədiyini olduğu hər yerdə göstərib.

Gündüz Abbaszadə 5 il mətbuat katibi kimi çalışıb. 2011-2016-cı illərdə «Neftçi»də məktəb keçib və qurubu yaradıb. Bu sahəni əlinin içi kimi bilən biridir.

İşinin ustasııdır və media camiəsində xüsusi hörmət sahibidir. Son ilyarımda əsas fəaliyyəti «CBC Sport»la bağlı olan Abbaszadə «Qarabağ»ın təklifini dəyərləndirsə, buna qətiyyən təəccüblənməməliyik. Çörəyi ver çörəkçiyə, birini də üstəlik.

Üçüncü namizəd Elman Himayətoğludur. Hansı ki, Qurban Qurbanovun 1 illik milli dönəmində mətbuat katibi vəzifəsini daşıyıb.

2015-2017-ci illərdə «Zirə»nin press-ateşesi olan Himayətoğlu Qurbanovun yığmadan ayrılmasından az sonra yenidən doğma kluba dönüb. Bu dəfə baş menecer kimi.

Himayətoğlu 20 ildən artıq medianın içində olmuş biri kimi böyük dəyər qazanıb. Təmiz və əqidəli, öz yolu ilə gedəndir, «ziq-zaq»lı keçmişi yoxdur.

İstər millidə, istərsə də klubda bu sahəyə cavabdehlik daşıdığı müddətdə işlədiyi yer, yaxud onların fəaliyyətini tənqid edən hansısa bir jurnalist haqda sifarişli yazılar yazdırmayan azsaylı ləyaqətli mətbuat katiblərindən biri olaraq iz buraxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!