"Xəzər Lənkəran 42" ilə bağlı son qalmaqaldan xəbərdarsız.
Buna səbəb Region Liqasının ¼ final mərhələsinin ilk oyununda baş verən hadisədir.
Cənub klubu "Marxal"la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.
Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.
Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin yanvarında Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.
"Xəzər Lənkəran"ın yetirmələri bir müddət öncə Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.
Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz. İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 2 ili professional klubda forma geyinməməsi tələb olunur.
Nə qədər qəribə görünsə də, AFFA mənsubları araşdırma aparmağa can çəkir. Onlar “Marxal”ın prezidenti
Elgün Hüseynovu aldatmaqdan çəkinmirlər. Hər halda o, saytımıza dünənki açıqlamasında bunları söyləyib:
“Xəbəri saytınızda oxudum. Dərhal AFFA-da aidiyyəti şəxslə əlaqə saxlayıb, maraqlandım. Bizə xəbərin həqiqəti əks etdirməyi bildirildi.
Deyildi ki, sifariş ərizəsi təqdim olunanda futbolçuların karyerası araşdırılıb və yoxlama aparılandan sonra icazə verilib. Yəni aldığımız cavab bu oldu.
Sonradan özüm də internet qaynaqlarında araşdırma apardım. Baxıram ki, həqiqətən də Tacikistanda oynayıblar.
Amma bu ölkənin çempionatı yaz-payız sistemində keçirilir. Belə olduğu halda, fikrimcə, Region Liqasında oynamaq mümkündür. Məndə olan məlumat belədir”.
Biz havadan nəsə demirik. Əlimizdə fakt var. Təqlim etdiyimiz fotolar azərbaycanlı futbolçuların Tacikistan klubu ilə bağladığı müqavilənin surətidir.
Kontrakt bir neçə səhifədən ibarətdir və onu incələmək rahat olsun deyə, şəkillərini çəkmişik.
Əgər «Marxal»ın prezidenti AFFA-dakı boşbağaz və məsuliyyətsiz işçinin sözünə inanmayıb sənədi gözdən keçirmək, tədbir alınmasını tələb etmək istəsə, biz müqaviləni «pdf» formasında ona göndərməyə də hazırıq.
Sənəddən aydın olur ki, "Fayzkand" Elvin və İlyasla 2022-ci ilin iyulunda anlaşıb. Müqavilə həmin ilin dekabrın 31-dək qüvvədə olub.
AFFA-da danışıq dili ruscadır, bu mənada, kontraktın şərtlərini oxumaq orada çalışan məsul şəxslər üçün asan olmalıdır. Çünki taciklər sənədi rus dilində hazırlayıb.
Qaldı ki Elgün Hüseynova «Sportinfo»nun yaydığı xəbər həqiqəti əks etdirmir» söyləyən AFFA rəsmisinə, biz onun kimliyini bilmirik və heç bilmək də istəmirik.
Yalançının böyüyü elə həmin şəxsin özüdür. Hər kimdirsə, qələt edib, başını da daşa döyüb!
AFFA-nın baş katibi Sərxan Hacıyevə buradan səslənirik - Region Liqasına diqqət ayırın. Bu çempionat sizə Premyer Liqa və I Divizion qədər maraqlı olmalıdır.
Region Liqasına azarkeş marağı Premyer Liqa və I Diviziondan daha böyükdür. Fəqət, çempionatın təşkilati işlərində o qədər problem var ki…
Guya Təşkilat Komitəsi yaradıblar. Boş şeydir. Heç bir normal işlə məşğul deyillər.
SPORTİNFO.AZ