
“Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk”un 60 milyon avro borcu var.
Sportinfo.azxəbər verir ki, bu barədə Split təmsilçisinin sabiq futbolçusu və keçmiş baş məşqçisi İqor Ştimats HRT-yə müsahibəsində deyib.
58 yaşlı mütəxəssis “Hayduk”un ölkə çempionatında qalib ola bilməməsinə toxunub:
“Komandanı məndən çox sevən yoxdur. Bunu sözlərlə yox, oyunlarımla sübut etmişəm.
Arxamda titullar və nailiyyətlər var. Bütün ailəmin varlığını “Hayduk” üçün təhlükəyə atmışam”.
O, klubun borclarının olduğunu söyləyib:
“Hazırda klubda hərc-mərclikdir. Yığılmış borc 60 milyon avrodan çoxdur.
Yeni mövsümə az qalıb, yeni baş məşqçi üçün 400 min avronu çətinliklə toplamışıq”.
Ştimats komandanın sabiq baş məşqçisi Cennaro Qattuzonun yüksək maaş aldığını bildirib:
“Buna görə də ona dözdülər. Onların çıxış yolu yox idi və italiyalı mütəxəssisin pis qərarları ilə barışmalı oldular”.
Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də keçiriləcək. "Zirə" ilk matçı evdə, cavab oyununu isə səfərdə keçirəcək.