
«Mənim problemim köhnə rəhbərliklədir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Mingəçevir»in keçmş məşqçisi Elnar Kərimov deyib.
Cari ilin əvvəlində «işıqçılar»ın məşqçi korpusundan uzaqlaşdırılan qapıçılar üzrə mütəxəssis klubu himayəsinə götürmüş yeni yönətimdən heç bir şikayətinin olmadığını bildirib.
O, Nurlan Əhmədov və digər funksioner tərəfindən aldadıldığın bildirib:
«Bu adamlar müqavilə üzrə öhdəliklərə əməl etmyib. Ötən mövsümün ilk 5 ayında 700 manat maaş yazıb, cəmi 400 manat veriblər.
Bu ilin yanvarında isə yalandan akt tərtib edərək, məni kənara atıblar. Guya məşqlərə gəlməmişəm.
Halbuki Füzuli Məmmədov bura özüylə məşqçilər gətirmişdi və mənə deyən olmadı ki, gəl, sən də burada ol.
Əksinə, Nurlan Əhmədov mənə xəbər göndərmişdi ki, get evdə otur, yayadək maaşını tam alacaqsan, əvvəlki aylardan qalan borcun da ödəniləcək.
Mənə ümumilikdə 5000 manat verəcəkləri var idi. AFFA-ya buna görə şikayət məktubu göndərmişəm.
Bu məsələdə yeni rəhbərliyin heç bir günahı yoxdur. Problem onların gəlişinə qədər yaranıb.
Əlbəttə, mən bir mingəçevirli kimi doğma şəhərimizin klubunun yaşamasına, yaxşı bir sponsorun himayəsi altına keçməsinə sevinirəm.
Mingəçevir əhalisi həmişə bu günün gəlib yetişməsini böyük səbrsizliklə gözləyib. Nəhayət, şəhərimizə belə bir sponsor gəlib və hamımız istəyirik ki, burada iddialı komanda olsun.
Artıq buna ümidimiz çox böyükdür. İnanıram ki, «Mingəçevir» ASTA-nın köməyi və dəstəyi ilə inkişaf edəcək və tez bir zamanda Premyer Liqaya vəsiqə qazanacaq».