
"İrəvanın Bakı ilə sülh sazişinin son iki bəndinə razılıq verməsi danışıqlar prosesinin pozulmaması məqsədilə edilib".
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Bu ilin mart ayında Azərbaycan və Ermənistan sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığını açıqlayıblar.
Son razılaşdırılmış iki bənd - üçüncü ölkənin hərbi qüvvələrinin sərhəddə yerləşdirilməməsi və tərəflərin bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddialardan imtina etməsi əvvəl Ermənistan tərəfindən qəbul edilməmişdi.
Lakin Mirzoyan bu gün parlamentdə 2024-cü ilin dövlət büdcəsinin icrasına dair hesabat təqdim edərkən qeyd edib ki, müəyyən mərhələdə bu iki bəndin razılaşdırılmadan qalması digər maddələrin müzakirəsinə mənfi təsir göstərə bilərdi.
Onun sözlərinə görə, bu, daha əvvəl razılaşdırılmış mühüm müddəaları belə şübhə altına ala bilərdi.