
Yerli idmançılardan təşkil olunan Azərbaycanın minifutbol komandasının qazandığı qələbə sözün həqiqi mənasında xalqımıza böyük sevinc bəxş etdi, eyni zamanda digər idman sahələri üzrə milli komandalarla bağlı bir sıra yeni tədbirlər görülməsini aktuallaşdırdı.
Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən bildirib:
“Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır”.
Dediyimiz kimi, minifutbol milli komandasının sırf Azərbaycanda doğulub boya-başa çatmış gənclərdən ibarət olması digər idman növləri üzrə də yerli idmançıların təmsil olunmasını gündəmə gətirir.
Çox təəssüflə qeyd edək ki, bəzi istisnaları nəzərə almasaq, Azərbaycanda bütün idman növləri üzrə milli komandaların tərkibində yerli idmançılarla yanaşı əcnəbi idmançılar, legionerlər də var. Elə komandalar var ki, hətta orda legionerlərin sayı daha çoxdur. Bura həm idmançılar, həm də məşqçilər və baş məşqçilər də aiddir. Minifutbol millisinin tərkibi, bütün üzvlərinin Azərbaycanda yetişən gənclər olması amili çox dəyərlidir. Azərbaycanda digər idman növləri üzrə milli komandaların yadellilərdən, legionerlərdən təmizlənməsində mini futbolçuların qələbəsi nə kimi rol oynaya bilər?
Ekspertlər hesab edir ki, gəlinən nəticəyə görə, bütün idman komandalarımızı yerli idmançılardan təşkil etməyimiz mümkündür. Kifayət qədər potensiallı idmançılarımız var və bəzən görürsən ki, bəzi federasiya rəhbərlərinin və kuratorların aşırı legioner sevgisi nəticəsində milli komandalarımıza legionerlər cəlb olunur. Minifutbolçuların qələbəsi onu deməyə əsas verir ki, legionerləri böyük pullar verib ölkəyə gətirib komandalara, yığmalara cəlb etmək lazım deyil.
Ekspertlər hesab edir ki, Azərbaycan idmanını legionerlərdən təmizləmək üçün ölkədə uşaq idmanı ilə bağlı yeni strategiya, yeni yanaşma olmalıdır. Ekspertlərə görə, Azərbaycanda bütün istiqamətlərdə uşaq idmanının inkişafına xüsusi diqqət yetirilməlidir. Ekspertlərin fikrincə, bir çox hallarda uşaq idmanına barmaqarası baxıldığı və bəzi federasiyalar öz işlərini layiqincə həyata keçirmədiyi üçün yerli idmançıların inkişafı ləng gedir, bu üzdən də legionerlərə ehtiyac duyulur. Uşaq idmanı inkişaf edərsə və federasiyalar bunu özləri üçün əsas prioritet seçərlərsə o zaman ən azı 10-15 ilə biz legioner problemini həll edə bilərik, idmanımızı onlardan təmizləyərik. Düzdür, dünyanın bütün ölkələri legioner idmançılar cəlb edirlər, bu qəbul edilmiş qaydadır. Çünki elə ölkələr var ki, orada idmançıların yetişdirilməsi üçün böyük potensial yoxdur. Amma Azərbaycan idman ölkəsidir və burda idman sahəsinə ciddi dövlət qayğısı var. Madam ki belədir, onda federasiyalar, idman məmurları uşaq idmanının güclənməsinə əhəmiyyətli vəzifə kimi yanaşmalıdır.
Sirr deyil ki, bəzən yerli idmançılar federasiyalarda ədalətsiz münasibətlə üzləşirlər, bu barədə geniş yazmağa lüzum görmürük. Faktları hamı bilir.
“...Uşaq idmanının inkişafına ciddi yanaşmalıyıq”
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov “Bakı-Xəbər”ə ilk növbədə onu bildirdi ki, Azərbaycanın minifutbolda potensialı il-ildən daha da güclənir: “Minifutbolçularımızın qazandığı tarixi qələbə, nailiyyət onu göstərir ki, ümumiyyətlə Azərbaycanda idmanın inkişafı dinamik xarakter daşıyır. Bu bir daha sübut etdi ki, idmançılarımıza imkanlar yaradıldığı təqdirdə onlar ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdirlər”.
E.Cəfərovun sözlərinə görə, Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinin yüksək təşkilatçılıq bacarığı, peşəkar yanaşması, idmançılara göstərdiyi diqqət və qayğı göstərdi ki, əsasən də milli ruhun, vətənpərvərliyin ən ali dəyər olaraq qəbul edildiyi yerdə zəfər qaçılmaz olur. “Minifutbolçularımız öz fəaliyyətləri ilə bunu göstərdilər, sübut etdilər. Yəni yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb, bu komanda düzgün idarəetmə nəticəsində qısa zamanda yüksək nəticələr əldə edib. Minifutbolçularımızın qələbəsi başqa idman növləri üçün də bir örnəkdir”.
Legioner idmançı məsələsinə gəlincə, E.Cəfərovun fikrincə, minifutbolçularımız öz qələbələri ilə sübut etdilər ki, bizim potensialımız var və şərait yaradıldığı təqdirdə zəfər qazanmaq mümkündür, legionerlərsiz də istəyimizə nail ola bilirik.
E.Cəfərovun sözlərinə görə, hazırkı şəraitdə bütövlükdə Azərbaycan idmanını legionerlərdən təmizləmək mümkün deyil, bunun da səbəbləri var. Futbolda legioner məfhumunun çox geniş çapda dəyərləndirildiyini deyən E.Cəfərov bildirdi ki, legionerlər də fərqlidir. Onun sözlərinə görə, legionerlər arasında elələri var ki, ondan yerli futbolçular, yaxud digər idman növü ilə məşğul olan idmançılar nələrsə öyrənir, əxz edir. “Məncə, hazırkı şəraitdə Azərbaycan idmanına legionerlərin cəlb edilməsini dayandırmaq ağlabatan deyil. Bunun da səbəbləri var. Burda başlıca amil futbol da daxil olmaqla bütün idman növlərində uşaq idmanının inkişafının zəif olmasıdır. Biz əgər idmanımızı legionerlərdən təmizləmək istəyiriksə onda uşaq idmanının inkişafına ciddi yanaşmalıyıq. Uşaq idmanına yanaşma dəyişməlidir.
Bu gün bizim idmana faydası dəyən legioner idmançılar da var və bunlar düzgün seçimin nəticəsidir, bunlarla uğur qazanmaq mümkündür. Amma düzgün seleksiya, peşəkar yanaşma olmadan ölkəmizə gətirilən legionerlərlə uğur qazanmaq, təbii ki, mümkünsüzdür. Biz bunu Azərbaycan futbolunun timsalında görmüşük. Bu bundan əvvəlki dövrlərdə də olub, hətta indi də var. Amma düzgün strategiya müəyyənləşdirəndə, normal transferlər olanda, idmana normal legionerlər cəlb edildikdə isə uğur qazanmaq mümkündür. Bunu “Qarabağ” klubunun timsalında görmək olar. Bu gün “Qarabağ”ın heyətində yer alan səviyyəli legionerlər bu komanya Avropada uğurlu nəticəsilər qazadırır, son 10-12 ildir üzümüzü güldürür. Yerli fotbolçuların ümidinə qalsa bunu etmək mümkünsüzdür.
Burda əsas məsələ nə klublarla, nə də digər klublarda çalışan məşqçilərlə bağlıdır, əsas problem illərdir Azərbaycan futbiolunun düzgün yönəldilməməsindədir. Yəni Azərbaycan futbolunda düzgün strategiyanın olmaması, uşaq futboluna nəzarətin zəif olması, istənilən səviyyədə diqqət yetirilməməsi bu gün özünü, təəssüf ki, bizim yığma komandalarımızda göstərir, özü də bərbad səviyyədə. Biz legionerin idmanımızda təmsil olunmasını istəmiriksə, onda gələcəyimizi düşünərək uşaq idmanını inkişaf etdirməliyik. Bütövlükdə uşaq idmanının inkişafına çox önəmli hərəkət gətirməliyik. Nə baxımdan? Yəni düzgün strategiya müəyyənləşdirib, bu istiqamətdə ardıcıl işlər görüb, düzgün mütəxəssislər cəlb edib, sağlam idmançı nəsli yetişdirməliyik. Əgər uşaq idmanına ciddi yanaşma olarsa, bütün idman növləri ilə bağlı uğurlu strategiya müəyyənləşdirilərsə biz 7-8 il sonra milli komandalarımızda sırf azərbaycanlılardan ibarət milli ruhlu idmançılar görə bilərik, o zaman legionerlərə hər hansı bir ehtiyac olmayacaq.
Yəni idmançılarımız uşaq yaşlardan yüksək səviyyədə yetişdirilməlidir ki, biz 7-8 il sonra onlardan nəsə tələb edə, onların uğurlu nəticələrini görə bilək. Yəni bu, idmançılarımızın yüksək səviyyəyə çatmasına imkan qazandırar.
Bilirsiz, böyük futbolla minifutbol arasında çox fərq var. Etiraf edək ki, böyük futbolda sistem tamamilə başqa cürdür. Biz əgər legionerdən imtina edib yerli futbolçu, oyunçu, idmançı tələb ediriksə, onda federasiyalar öz öhdələrinə düşən vəzifələri dərk etməli, öz işlərini düzgün qurmalıdır. Federasiyalar tam olaraq milli vətənpərvərlik ruhunu ön plana çıxarmalıdır, sağlam nəsil yetişdirməlidir ki, biz 7-8 il sonra biz onların uğurlarının şahidi olaq.
Bunlar olmadığı təqdirdə də yerli idmançılar da zəif yetişir, nəticədə legionerləri gətirmək marağına düşürlər. Bir sıra komandalar legionerin fəaliyyətini izləmədən, qiymətləndirmədən, bütün parametrləri nəzərə almadan dəvət edirlər ki, bu da çox hallarda uğursuzluqla nəticələnir. O da gəlib pulunu qazanıb çıxıb gedir, nəticədə Azərbaycan futboluna, Azərbaycan idmanına heç bir töhfə vermir. Düzgün idarəçilik, milli ruh federasiyaların işində ön planda olmalıdr ki, uğur qazanılsın” - deyə E.Cəfərov qeyd etdi.