Azərbaycan idmanında həftənin qalmaqallı olayı - Nazirlik deyir ki...

14 May 23:00 Problem 128
Azərbaycan idmanında həftənin qalmaqallı olayı - Nazirlik deyir ki...

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən görmə məhdudiyyətli cüdoçuların dünya çempionatında iki idmançımızın tibbi müayinədən keçə bilməməsi ötən həftəyə damğa vurdu.

2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib.

24 yaşlı qızın gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxdığından, idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.

Həmçinin, tamamilə görməyən idmançılar (J1) kimi tibbi təsnifatdan keçən Elnarə Nizamlının da görmə qabiliyyətinin olduğu məlum olub.

Bu səbəbdən də Nizamlı 60 kq çəki dərəcəsində J1 yox, J2 (qismən görmə qabiliyyəti olanlar) kateqoriyasında yarışacaq.

Belədirsə, ölkə idmanına nəzarəti əlində saxlayan Gənclər və İdman Nazirliyinin məlum olaya münasibəti necədir? Bu yöndə nə kimi addımların atılması planlaşdırılır?

Suallara aydınlıq gətirmək üçün qurumun mətbuat katibi Qabil Mehdiyevlə əlaqə saxladıq. Nazirliyin sözçüsü başqa qapını döyməyimizi məsləhət gördü:

“Xahiş edirəm, bu məsələ ilə bağlı Milli Paralimpiya Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlayın”.

Eyni suallarla komitənin mətbuat katibi Fərid Qarazadəyə müraciət edəndə, aldığımız cavab belə oldu:

“Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris-2024 Yay Paralimpiya Oyunlarınadək olan dövrdə və Paris Paralimpiadanın özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edildi.

Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarıldı.

Bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) tərəfindən paracüdoçularımız yenidən tibbi təsnifata cəlb edildi.

Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi paracüdo yarışlarında təmsil etsə də, müvafiq dəyişikliklər səbəbindən artıq paracüdo yarışlarında mübarizə apara bilməyəcəyi dəqiqləşib.

Dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır.

Milli Paralimpiya Komitəsi olaraq bütün idman növlərində yeni idmançı nəslinin formalaşmasında maraqlıyıq. Komitə tərəfindən ötən il təşkil edilən Uşaq Paralimpiya Oyunları, Paralimpiya çempionları ilə keçirilən ustad dərsləri və təbliğat işlərimiz buna hesablanıb.

Sevindirici haldır ki, yeniyetmə və gənc paralimpiyaçılarımız bu il məktəblilər arasında keçirilən Gimnaziada İdman Oyunlarında, parapauerliftinq üzrə Dünya Kubokunda, beynəlxalq badminton və parataekvondo yarışlarından Vətənə medallarla qayıdıblar.

Milli Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti