
Bürünc medallar uğrunda mübarizə aparan “Araz-Naxçıvan”la “Turan Tovuz” eyni taleyi yaşayırlar.
Hər iki komanda mövsümün ən gərgin dönəmlərində zədəli futbolçuların çoxluğundan əziyyət çəkib və çəkməkdədir.
Elmar Baxşıyevin hər xal itkisindən sonra zədəlilərin çoxluğunu əsas gətirməsi boşuna deyil.
Çempionatın ən qaynar vaxtında Ömər Buludovla Ramin Nəsirli sıradan çıxdı, ardınca komandanın “vuran ayağı” Ramon Maçado onlara qoşuldu.
Son iki ayda Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə, Əyyub Allaş, Miço Kuzmanoviç, Sezar Meza Kolli eyni səbəbdən kollektiv çalışmalardan kənarda qalıb.
Bəziləri zamanla Elmar Baxşıyevin sərəncamına qayıtsa da, iki nəfər üçün mövsüm başa çatıb. Həkimlərin rəyinə əsasən əməliyyat olunan Allaşla hələ də fərdi çalışmalarla kifayətlənən Əhmədzadə bu ”futbol ili”ndə oynaya bilməyəcəklər.
Meza Kolli isə ən yaxşı halda son iki turda meydana çıxmaq şansına sahib olacaq.
Maraq üçün bildirək ki, zədə epidemiyasına yoluxan “Turan Tovuz”da da iki futbolçu üçün (Şəhriyar Əliyev və Denis Marandiçi) mövsüm vaxtından əvvəl başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ