BOS-dan narazılara cavab gəldi: “Təəssüf, bu, nəzərə alınmamışdı”

27 Mart 2023 19:40 Problem 628
BOS-dan narazılara cavab gəldi: “Təəssüf, bu, nəzərə alınmamışdı”

Martın 26-da Bakı Olimpiya Stadionunda keçirilən “Qalatasaray” – “Qarabağ” qardaşlıq oyununda arenanın tarixində azarkeş rekordu qeydə alındı.

2015-ci ildə istifadəyə verilən ölkənin bir nömrəli idman qurğusunda buna qədər neçə-neçə mötəbər yarışlar və futbol oyunları keçirilsə də, heç vaxt 60 mindən artıq izləyici müşahidə olunmamışdı.

Sual doğuran məqamlardan biri BOS-un ajiotajlı matça nə dərəcədə hazır olması və imtahandan necə çıxacağı idi.

Hələ oyunun startı ərəfəsində sosial şəbəkələrdə azarkeşlərin narazılığını görmək mümkün idi. Etiraz dalğası oyun başa çatandan sonra da davam etdi.

İnsanlar stadiona giriş-çıxışla bağlı yaranmış çətinlikdən narazılıq edirdi. Futbolsevərlərin etirazına səbəb olan başlıca məqam BOS-a daxilolmada yaranan yubanma və görüş qurtarandan sonra metrodan istifadə etməkdə yaşanan problem idi.

Yaranmış vəziyyətlə bağlı arenanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Fərid Əsədovla söhbətdə məlum oldu ki, problem stadion rəhbərliyinin yox, azarkeşlərin səhlənkarlığı, başqa cür desək, öz rahatlığını düşünməsi səbəbindən yaranıb:

“Etirazların müəyyən qismi ilə sosial şəbəkələrdə yazılanlardan tanışıq.

Əvvəla onu bildirim ki, stadionun qapılarının oyunun başlama saatından 3 saat əvvəl açıqlacağına dair məlumat verilmişdi. Bu addım sıxlığın yaranmaması, azarkeşlərin arenaya rahat daxil olması üçün atılır. Təəssüf ki, bu məqam nəzərə alınmamışdı. Giriş qapıları saat 17.00-da açılmasına baxmayaraq, 1 saat sonra tribunalarda təxminən 1500-2000 azarkeş öz yerini tutmuşdu. Qapılar qarşısında isə seyrəklik müşahidə olunurdu.

İzdiham saat 19.00-dan etibarən yaşandı. Təsəvvür edin, oyunun başlamasına 1 saat vaxt qalıb, 55-60 min nəfər içəri daxil olmalıdır. Bu, heç bir halda mümkün deyil. Turniketlərin işləmə mexanizmi var. Aparat bileti oxumalı, qapı açılmalı, azarkeş stadiona daxil olmalı və yoxlanılmalıdır. Prosesin azı 5 saniyə vaxt aldığını nəzərə alsaq, 1 saat ərzində bu cür sıxlığın yaranması normaldır.

Başa düşürük, Ramazan ayıdır, böyük əksəriyyət oruc tutur, stadiona iftarını açandan sonra daxil olmaq istəyir. Amma bizi və işi də nəzərə almaq lazımdır. Ramazan ayını göz önünə gətirib, arenaya plastik su şüşələrinin keçirilməsinə icazə verilmişdi”.

Stadona daxilolmada yaranmış problemi anladıq. Maraqlıdır, oyun başa çatandan sonra metrodan istifadə etməklə bağlı yaranmış çətinliyin səbəbi nə olub? Böyük əksəriyyət yeraltı ictimai nəqliyyatdan istifadə edə bilmədiyinə görə taksilər və ayaqlarının xidmətinə gərək duyub.

BOS-un sözçüsü bu məqama da aydınlıq gətirib:

“Stadiona gələn 60 mindən artıq azarkeşin təxminən 40 mini metronun xidmətinə ehtiyac duymuşdu. Oyun başa çatandan sonra bu sayda insan metrodan yararlanmağa çalışıb. Bu qədər adamın eyni anda metro stansiyasına daxil olması mümkün deyil.

Sıxlıq yaranmasın deyə, polislər barrikadalar qurur, işini qatarların gəlmə vaxtına və stansiyanın nisbətən boşalmasına uyğun qurur. Bu isə, istər-istəməz sıxlığın yaranmasına səbəb olur. Yəni burada bilərəkdən, yaxud qəsdən edilmiş iş yoxdur. Əksinə, polislər azarkeşlərin ünvana rahat çatması üçün çalışıb, növbəlilik prinsipinə uyğun addım atıb”.

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında baş tutan qardaşlıq görüşündə rəqib 2:1 hesabı ilə qalib gəlib. “Cim-Bom” 4-cü dəqiqədə Bafetimbi Qomislə hesabı açsa da, Redon Cica 19-cu dəqiqədə status-kvonu bərpa edib. 87-ci dəqiqədə meydana sonradan daxil olan Mauro İkardi cərimə meydançasında özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"