Azərbaycana Novruz “təbrik”i - Qarabağı niyə Donbasla müqayisə etdi?

22 Mart 2023 15:50 Problem 983
Azərbaycana Novruz “təbrik”i - Qarabağı niyə Donbasla müqayisə etdi?

Bu gün Laçın yolundakı etiraz aksiyasından 100 gün keçir.

Artıq 100 gündür erməniyə, onun havadarlarına adam dilində bəyan edirik ki, qanuni ərazimiz olan Laçın yolu düşmənçilik yolu yox, yalnız sülh yolu olacaq,

Qarabağda separatçılar əvvəlki kimi at oynada bilməyəcəklər! İstəyirsiniz qəbul edin, istəmirsinizsə də dombalaq aşın.

100 günü tamam olan aksiya ilə dünyaya verdiyimiz əsas mesaj zatən, bu. Azərbaycanın qanuni tələbi apaydın ortada: biz heç bir ölkənin, xalqın haqqına girmirik, yalnızca özümüzə düşən halal haqqı istəyirik. Bəs separatçılar, revanşistlər və onların arxasındakılar nə istəyir? Əlbəttə ki, müharibə, düşmənçiliyə davam. Hədəf də suverenliyimiz, ərazi bütövlüyümüzdür.

Azərbaycan isə mili maraqlar məsələsində heç kimlə siyasi alverə, güzəştə getməyəcək, buna hazırlaşmır. Ya suverenliyimiz Qarabağın yerdə qalan hissəsində də bərqərar ediləcək, ya da bərqərar ediləcək! Bu məsələdə Bakının zarafat etmədiyinə artıq bütün dünya əyani şahidlik elədi. Çünki bu bizim üçün “qırmızı xətt”! O səbəbə sağdan-soldan hər cür it hürüşməsinə rəğmən, “karvan” yoluna davam edir...

Bu 100 gündə Azərbaycan xalqının və dövlətinin əzmini, iradəsini Fransadan tutmuş, Avropa Parlamentinədək, erməni puluna satılmış heç bir xarici qüvvə, çevrə, mərkəz qıra bilmədi. Niyə? Ona görə ki, mövqeyimizi sarsılmaz edən təkcə haqlı olmağımız deyil. Bu öz yerində. Səbəb həm də qalib ölkə olaraq hərbi və iqtisadi cəhətcə hesablaşılan gücə, qüdrətli və etibarlı dost-müttəfiqlərə malik olmağımız, bölgənin vazkeçilməz, açar dövləti statusu daşımağımızdır – öncəliklə elə Avropanın özü üçün!

Odur ki, bizi saymayanları biz dünəndən saymayacağıq. Azərbaycanın bayrağını və Konstitusiyasını qəbul eləməyən ermənilərin Qarabağda rahatca qalıb yaşaması və bizə meydan oxuması mümkünsüz! Onlara şans, fürsət tanınmayacaq. Hədəfimizə çatmayınca “qılınc qınına” girməyəcək. Ya inteqrasiya, ya da Laçın yolu açıqdır. Hərgah, mərdimazarlar olmasa, bu iş qat-qat sürətli gedər...

Misal üçün, dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, “Qarabağın Azərbaycana inteqrasiya imkanını görmür”. “Bunu mümkün etmək üçün uzun, çox uzun yol qət etmək lazımdır. Düzünü desəm, mən bu gün belə bir fürsət görmürəm”, - Simonyan bildirib.

Diqqət edin, əslində o, inteqrasiyanı qəti olaraq rədd də eləmir, sadəcə, buna uzun zaman lazım olduğunu iddia edir. Bu da irəliləyişdir, simvolik olsa da. Əsas təfəkkürün dəyişməsi, “mistsim” xəstəliyindən sağalmaq istəyinin yaranmasıdır. Bu xəstəlikdən qurtulmadan ermənilər nicat tapmayacaq. Laçın yolundan erməni xalqına bir ismarışımız da elə budur: nə qədər gec deyil, anlaqlı, adekvat millət olun, normal qonşu olmağı öyrənin!..

Qarabağın Azərbaycana inteqrasiyasına ən böyük əngəl isə əlbəttə ki, nə Ermənistandır, nə də Qərb. Şimal qonşu Rusiyadır. Buna Rusiya XİN başçısı Sergey Lavrovun dünən Moskvada erməni həmkarı Ararat Mirzəyanla görüşdə Qarabağı Donbasla müqayisə eləməsi şəkk-şübhə saxlamadı.

Sitat: “Moskva Ermənistan baş naziri Nikol Paşinyanın bəyan etdiyi mövqeyi dəstəkləyir. Hansı mövqeyə görə ki, Dağlıq Qarabağ (yenə Dağlıq Qarabağ! – Z.S.) sakinlərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi məsələləri Stepanakert (Xankəndi – Z.S.) və Bakı nümayəndələri arasında həll edilməlidir. Bu baxımdan Donbas və Minsk razılaşmalarını xatırladım. Əlbəttə, anlaşmaların nə qədər keyfiyyətli olacağını anlamaq bizim üçün vacibdir. Fikrimi bilmək istəyirsinizsə, o zaman çox yaxın tarixə aid nümunə var. Minsk razılaşmalarında (Donbasla bağlı – Z.S.) da eyni şey müzakirə olunub - Ukraynanın şərq hissəsinin sakinləri hansı hüquqlara malik olmalı idilər. Öz ana dili hüququ, uşaqları bu dildə oxutmaq, bu dildən istifadə etməklə yaşamaq, işləmək, öz mədəniyyətini, dinini qorumaq, yerli özünüidarəetmə imkanlarına malik olmaq və həmvətənləri ilə müəyyən xüsusi əlaqələr qurmaq hüququ. Donbas məsələsində bu, xüsusi əlaqələr Rusiyaya bağlı olmalı idi”.

Belə çıxır, “Qarabağ məsələsi”ndə də Rusiyanı Ermənistan əvəzləməlidir, eləmi? Bəlkə separatçılara yalnız ermənicə danışan ordu qurmaq haqqı da tanıyaq?!

Yəni Lavrova görə, Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda Alma-Ata Bəyannaməsinin müddəalarına sadiqliyini təsdiqləmələri fonunda “Dağlıq Qarabağ xalqı” üçün də eyni hüquqlar zəruri olacaq. Rusiya baş diplomatı bu xüsusda həmçinin bildirib: “Hər şey ondan asılı olacaq ki, razılaşmaların həyata keçirilməsinnin asılı olduğu şəxslər nə dərəcədə ləyaqətli davranış sərgiləyəcək. Donbas məsələsində belə davranışı görmədik”.

Başqa sözlə, Lavrov işarə edir ki, Ukrayna Donbasa guya vəd etdiyi hüquqları vermədiyi üçün bölgə nəzarətdən çıxıb və başına indi bu oyunlar gəlir. Daşın kimin “bostanına” atıldığı aydın oldumu? Düzdür, Lavrov guya Bakını incitməmək üçün bunu şəxsi fikri kimi təqdim edir. Ancaq mesaj çatdı. Söz ağızdan, ox yaydan çıxıb...

Bu, bir daha onu göstərir ki, rəsmi Moskva Qarabağda hərbi varlığını sürdürmək naminə sülh müqaviləsinin Rusiya variantından - “Qarabağ məsələsi”ni gələcək nəsillərə, daha dəqiqi, Azərbaycana təzyiq vasitəsi kimi saxlamaq niyyətindən əl çəkməyib. Ayrı sözlə, Kreml məsələnin tarixin arxivinə verilməsini, iki xalqın barışığını arzulamır.

Demək, Rusiyanın sülh variantı baş tutası deyil. Çünki Bakının mövqeyi bəlli. Qarabağda qondarma “Rus icması” və “Vardanyan” projelərini reallaşdırmağa edilən cəhdlər, mifik “Rusiya mədəniyyət mərkəzləri” və tarixi rus işğalçı ordu komandanlarının abidələrinin açılması, hətta Rusiya pasportlarının paylanması buna əlavə dəlil-sübutlarıdır.

Odur ki, Laçın yolundakı aksiya separatçılardan daha çox, onlara təzə “muncuq” vəd edə Rusiyaya, onun haqsız mövqeyinə qarşıdır. Davamız davam edəcək! (musavat.com)..

Zahid SƏFƏROĞLU

Digər Xəbərlər
Xəbər Lenti