Vensan Abubakarın Azərbaycana gəlişi “Neftçi” camiəsində əsl bayram ab-havası yaratdı.
Azarkeşlər, klub rəhbərliyi, futbolçular – hər kəs sevinc içindədir.
Bu mənada futbolçuların sevincini başa düşmək olar. Artıq komandada “vuran ayaq” problemi olmayacaq, qol imkanları boşa verilməyəcək.
Hər halda 33 yaşlı hücumçunun karyerasındakı qolların sayı belə düşünməyə əsas verir.
“Ağ-qaralar”ın əsas simalarından olan Sessi D’Almeyda Sportinfo.az-a açıqlamasında Kamerun millisinin kapitanının gəlişini şərh edib:
“Abubakar tanıtmaya ehtiyacı olmayan böyük addır, xüsusi futbolçudur. Vensanın “Neftçi”yə gəlmək ehtimalını biləndə buna çox sevindim.
Çünki “Neftçi”də bu çəkiyə malik futbolçulara ehtiyac var. O, gəlişi ilə komandaya güc qatacaq, təcrübəsini bizimlə bölüşəcək.
Bu dəqiqə ehtiyac duyduğumuz şey qol vurmaqdır. Abubakar bu mənada bizə kömək edəcək. Olduqca uğurlu transferdir və hər bir futbolçu onun transferindən şaddır”.
Maraq üçün bildirək ki, Sessi Benin millisinin, Abubakar isə başqa bir afrika ölkəsi Kamerun seçməsinin üzvüdür.
HƏBİB

