Yevlaxlı azarkeşlərə xoş xəbərimiz var.
Rayonu təmsil edən “Karvan-Yevlax” doğma stadionuna qayıdır.
Arenanın örtüyünün yenilənməsindən sonra UEFA nümayəndələri bura baxış keçirib.
Hansısa nöqsan aşkarlanmayıb. Rəsmilər süni qazondan götürülən analizləri və örtüyün vəziyyəti ilə bağlı raportu qurumun aidiyyatı şöbəsinə çatdırıb.
Yaxın günlərdə Peşəkar Futbol Liqasının nümayəndələri də Yevlaxa gedərək stadionun şəraiti ilə bağlı yerində tanış olacaq.
“Karvan-Yevlax” Azərbaycan kubokunda “Sheki City”ni, eləcə də Premyer Liqanın 10-cu turu çərçivəsində “Zirə”ni Şamaxıda qəbul edəcək.
Noyabrın 21-də “Kəpəz”lə baş tutacaq qarşılaşmanın Yevlaxdakı stadionda baş tutması planlaşdırılıb. Təbii ki, son anda hansısa problem peyda olmasa.
HƏBİB / SPORTİNFO.AZ

