“Neftçi”də oynayan tanınmışın qardaşı “Sportinfo”ya MÜSAHİBƏ VERDİ

20:00 Hadisə 400
“Neftçi”də oynayan tanınmışın qardaşı “Sportinfo”ya MÜSAHİBƏ VERDİ

“Neftçi”nin şərəfini qoruyan Falaye Sakonun kiçik qardaşı Momo Sako “Səbail”in uğurları üçün tər tökür.

Əslində, yayda kiçik Sakonun da “Neftçi”yə keçidi gündəmdə idi. Lakin sonradan nə baş verdisə, 23 yaşlı yarımmüdafiəçi I Liqa klubuna üz tutdu.

Sako ilə söhbətimiz “Şəfa” - “Səbail” qarşılaşmasından sonra (2:2) baş tutdu.

Malidən olan futbolçu Sportinfo.az-ın suallarını cavabsız qoymadı.

- "Şəfa" ilə matçda qalib gəlməyinizə nə mane oldu?

- Komanda olaraq matçı qazanmaq üçün əlinmizdən gələni etdik. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışırdıq. Görünür, etdiklərimiz qələbə üçün kifayət etmədi. Növbəti oyunları qalib başa vurmaq üçün yol verdiyimiz səhvlərdən nəticə çıxaracağıq.

- I Liqanın səviyyəsi barədə nə düşünürsən?

- 2-3 komanda var ki, səviyyə baxımından digərlərini üstələyir. Heyət baxımından bəlkə də arada ciddi fərq yoxdur. Lakin bəzi komandalar Premyer Liqaya yüksəlməyə hədsiz köklənib. Və bu, oyunlarda hiss olunur. Biz də onların sırasındayıq. Ümumi götürsək, liqanın potensiallı olduğunu düşünürəm.

- Əsas heyətə düşə bilməməyinin səbəbi nədir?

- Bura gələndə fiziki durumum ideal deyildi. Çatışmazlıqları aradan qaldırmaq üçün vaxta ehtiyac var idi. Artıq heç bir problem yoxdur. İndi özümü demək olar ki, hazır hiss edirəm.

- Azərbaycana çarəsizlikdən gəldin, yoxsa?

- Xeyr-xeyr. Transfer bazar mənim üçün təkliflərlə məhsuldar idi. Portuqaliyada əməkdaşlıq etdiyim “UNS FOOTBALL GROUP” agentliyi mənimlə bağlı Portuqaliya, Kipr, Hindistan və Malta klublarında təkliflər almışdı. Amma mən gözləməyi üstün tutdum və Azərbaycan variantı daha cəlbedici göründü.

- 2025-ci ilin yanvar ayından sonra futbol oynamamağımın səbəbi nədir?

- Oynadığım komandanın mənafeyi mənim üçün hər şeydən vacibdir. Portuqaliyada şərəfini qoruduğum klubda maaşlar bir neçə ay ödənilmirdi. Yaxamı kənara çəkə bilməzdim. Bir qrup komanda yoldaşımla mövqeyimizi müdafiə etmək məcburiyyətində idim. Bunun nəticəsində bir müddət yaşıl meydanlardan məhrum oldum. Ümumiyyətlə, klubda vəziyyət yaxşı deyildi. Nəticədə mən və digər futbolçular bir neçə ay futbolsuz qaldıq.

- Karyeranda ilk dəfə Portuqaliyadan kənarda oynayırsan. Azərbaycanda özünü necə hiss edirsən?

- Özümü çox yaxşı hiss edirəm. Əvvəl bir az çətin idi, indi yavaş-yavaş uyğunlaşıram.

- Böyük qardaşın Falaye “Neftçi”nin şərəfini qoruyur. Onunla yaşayırsan?

- Xeyr, qardaşımla yaşamıram. Bazada məskunlaşmışam, burada qalıram və qidalanıram.

- Asudə vaxtını necə keçirirsən?

- Musiqi dinləməyi, Play Station oynamağı və sosial mediadan istifadə edərək dostlarımla, ailəmlə söhbət etməyi sevirəm. Həmçinin, imkan tapdıqca Falaye ilə gəzintiyə çıxaraq Bakının özünəməxsus xüsusiyyətlərini kəşf etməyə çalışıram.

- “Səbail”dən aldığın maaş yaşamaq üçün kifayət edir, yoxsa Falaye sənə kömək edir?

- Pul barədə heç bir problemim yoxdur. Maaşım normal yaşamağa imkan verməyən məbləğ olsaydı, müqaviləyə bağlamazdım. Aldığım maaş Bakıda istədiyim şəraitdə yaşamağa kifayət edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti