"Həkim gələcəksə, gələcək, gəlməyəcəksə..."

5 Fevral 2023 03:40 Problem 402
"Həkim gələcəksə, gələcək, gəlməyəcəksə..."

Məktəblərdə qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan müxtəlif respirator viruslar narahatlıq doğurur.

Xüsusilə də, uşaqlar arasında yayılan qrip, Streptakok A, influensa kimi viruslar yoluxucu olması ilə seçilir.

Nəzərə alınsa ki, məktəbə qayıdarkən azyaşlılar arasında virusun daha geniş yayılmaq riski çoxdur, bu zaman həm valideynlər, həm də məktəb rəhbərliyinin qarşısında öhdəliklər yaranır.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mediaya açıqlamasında bildirib ki, mövcud vəziyyətdə əgər hər hansı şagird xəstədirsə, onun müalicəsi ev şəraitində aparılmalıdır: “Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu, basa düşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Xəstə şagirdin məktəbə getməsinə ehtiyac yoxdur. Bu məsələdə valideynlərə tövsiyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər şagird xəstə halda məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununla əlaqədar məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcuddur”.

Bununla belə, valideynlərin məsələ bağlı razılaşmadığı bəzi məqamlar var. Belə ki, onlar bildirirlər ki, bəzi hallarda uşaqlarını sağalmamış məktəbə göndərməli olurlar. Bizimlə söhbətdə Vəfa Əliyeva dedi ki, uşaq 3 gündən artıq dərsə getməyəndə müəllim narazılıq edir: “Müəllim deyir ki, yoxlama olur, davamiyyət aşağı olmamalıdır. Bu elə xəstəlikdir ki, uşaq bir həftə keçib, hələ də sağala bilmir. Ümumiyyətlə, uşaq bir ayda dəfələrlə xəstələnib, müəllim də hər dəfə arayış istəyir. Hər dəfə 15-20 manat poliklinikaya verməyə imkanım yoxdur. Evdə müalicə olunuruq. Bəzən də uşaq tam sağalmamış məktəbə göndərməli oluruq”.

Artıq neçə valideyndir ki, bizimlə söhbətdə bildirir ki, məktəbə arayış aparmadıqlarına görə müəllimlər töhmət edir. Bəs nə etməli? Yenə də distant təhsilə keçilməlidirmi?

Pediatr Vaqif Qarayev: Öskürən uşaqlarla bağlı

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a deyib ki, hava-damcı yolu ilə yayılan yoluxucu xəstəliklərdən qorunmaq üçün təcrid olunmaq çox mühümdür: “Təcrid sözü COVİD-in ağır vaxtlarında da əhalinin xoşuna gəlmirdi. Amma sonda da bəlli oldu ki, xəstə təcrid olunmasa, epidemiyanı cilovlamaq qeyri-mümkündür. Cəsarət müəllimin fikri yaxşıdır. Amma yaxşı olar ki, məktəblər xəstə uşağı dərsə buraxmasın. Burada valideynlərin məsuliyyəti daha çoxdur. Arayış filan bunlar hamısı bəhanədir. Xəstə uşaq kollektivə getməməlidir, bu birmənalıdır. Çünki həm uşaq özü gec sağalır, ağırlaşmalar qaçılmaz olur. Həm də ətrafdakı sağlam uşaqları yoluxdurur. Burada valideynin məsuliyyəti varmı? Əlbəttə, var. Amma məktəbin, bağçanın məsuliyyəti də valideynlər qədərdir. Anlayıram, elə məktəb var ki, mindən çox şagirdi var. Onları tibbi müayinədən keçirmək çox çətindir. Amma mənə elə gəlir ki, məktəb valideynlərə ciddi tapşırıq versə, xəstə uşaq məktəbə gəlməməlidir, xəstəliklər bir az azalar. Əslində mən düşünürdüm ki, yeni il tətilində infeksiyanın yayılması bir az azalar. Amma azalmadı. Əksinə xəstəlik arta-arta gedir. Bunun bir səbəbi də əyləncə mərkəzlərində uşaq kontingentinin sıxlığıdır. Mən anlayıram, valideyn tətildə uşağını harasa aparmaq istəyir. Amma respirator xəstəliklərin profilaktikası ilə uşaqlar insanların sıx olduğu yerlərə getməməlidir. Tətil günlərində müşahidə etdim, valideynlər əyləncə yerlərindən uşaqlarının şəkillərini paylaşdılar. Digər valideynlər də bir-birlərinə baxır, aparmaq istəyir. Əslində havadan asılı olmayaraq uşaqlar hərəkətli olmalıdır. Misal üçün, COVİD karantinindən sonra hərəkətsizlik çox ciddi tibbi problemlər ortaya çıxardı. Hələ də bu, həm fiziki, həm də psixoloji baxımdan davam edir. Ona görə uşaqlar əylənməli, oynamalı, hərəkətdə olmalıdırlar. Amma insanların sıx olduğu yerlərdə yox”.

Arayış məsələsinə gəlincə isə həkim bildirdi ki, valideynlər özlərinə əziyyət vermək istəmirlər: “Sahə poliklinikasına məlumat versinlər, indi hamı bilir ki, xəstəlik yayılıb. Məlumat vermək lazımdır. Həkim gələcəksə, gələcək, gəlməyəcəksə, qeyd edəcək ki, həmin uşaq xəstədir. Sağalandan sonra buna arayış vermək lazımdır. Məktəbin də öz qaydası var, xəstəliklə bağlı arayış alınmalıdır. Distant təhsilə keçmək isə ağır qərardır. Bunu COVİD-də də gördük. Bu hamıya ağır zərbədir, məktəb bağlanmamalıldır. Biz hər birimiz çalışmalıyıq ki, məktəblərin bağlanmasına gedilməsin. Çünki indi infeksiyalar təkcə bizdə yayılmayıb. Dünyanın başqa ölkələrində də yayılıb, onlayn təhsilə də keçilməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb