Yoxluğu şübhə yaradan legionerdən YENİ XƏBƏR VAR

25 Sentyabr 2022 09:40 Problem 1 046
Yoxluğu şübhə yaradan legionerdən YENİ XƏBƏR VAR

"Turan Tovuz"un yay fasiləsində heyətinə qatdığı legionerlərdən biri də Piruz Marakvelidze oldu.

Ayxan Abbasovun komandalarında daha çox önə çıxan mövqelərdən biri dayaq zonasıdır.

Orada olan futbolçunun işguzarlığı çox önəmlidir. Məhz həmin zona üçün alınmış gürcüstanlı futbolçuya da inam böyük idi.

Amma əcnəbi oyunçu mövsümün açılış oyunundaca gənc mütəxəssisin ümidlərini puç etdi. Ki, "Qəbələ" ilə birinci turdakı oyunun cəmi 31-ci dəqiqəsində heç bir gərək olmadığı halda etdiyi kobudluğa görə birbaşa qırmızı ilə meydandan qovuldu.

İkinci yarıda buraxılan 2 qolla gələn məğlubiyyətdə təbii ki, bu məqam açar rolunu oynadı.

Sonrakı iki turu cəza səbəbindən buraxan Marakvelidzeni bir də 5-ci tur "Şamaxı" ilə oyunda ehtiyat skamiyada gördük. Amma çalışdırcı ona 1 dəqiqə də şans vermədi.

Son iki turda isə onun adı ümumiyyətlə iştirak ərizəsində də yer almadı. Təbii ki, ilk ağıla gələn Abbasovun qırmızı vərəqəyə görə onu cəzalandırması oldu.

Lakin araşdırma zamanı klubdan bildirildi ki, futbolçu ilə baş məşqçi arasında hər hansı qalmaqal yaşanmayıb. Sadəcə 27 yaşlı oyunçu zədəlidir. Nə deyirik, təki elə olsun.

Ümid edək ki, qırmızı ilə başlayıb, zədə ilə davam edən legionerin sabahı yaxşı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti