"Çelsi"yə getməli olub, amma "Zirə"dən qovulan intizamsız azərbaycanlı...

18 Avqust 2022 14:00 Problem 2 402
"Çelsi"yə getməli olub, amma "Zirə"dən qovulan intizamsız azərbaycanlı...

"Təmkinin intizam baxımından bir az axsadığını deyən birinci və ya sonuncu adam deyiləm".

Bunu "Sabah"ın sabiq xorvatiyalı baş məşqçisi Jelko Sopiç dilinə gətirmişdi.

Hətta bir qədər də irəli gedərək milli komandamızın da üzvü olan futbolçunun İngiltərə nəhəngi "Çelsi"də oynamalı olduğunu bildirmişdi:

"Mənə görə, Təmkin top-oyunçudur. Bunu özünə də demişəm. Onun kimi istedadlı, bacarıqlı, meydanda oyuna temp gətirən sol cinah müdafiəçisi "Çelsi"də oynamalıdır. Amma Təmkin nəyə görə "Çelsi"də deyil, "Sabah"da oynayır sualının cavabını yalnız özü verə bilər".

Bəli, biz də etiraf edirik ki, Təmkin istedadlı oyunçudur. Daha doğrusu idi. Amma bu gün o, nəinki "Çelsi", heç "Sabah"a və "Zirə"yə də lazım deyil.

Cənab Sopiç, bunun niyəsini isə Təmkin bilməsə və ya bilib etiraf etməsə də biz hamımız yaxşı bilirik. Problem nizam-intizamdır.

Adam bir dəfə buna görə kənarda qalmışdı. Səhv etmirəmsə "Qəbələ"dən ayrılandan sonra heç kim Təmkinə yaxın getmirdi.

Amma verdiyi vədlərə görə, "Sabah" ona ikinci şansı verdi. İnsafən, bir müddət özünə çəki-düzən verməsi oyununda da yaxşı mənada əks olundu və yenidən milli komandaya kimi yüksəldi.

Ötən ilin yayı Rəşad Sadıqov 28 yaşlı oyunçunu "Zirə"yə dəvət etdi. Gənc mütəxəssisin güvəndiyi oyunçulardan olan Təmkin qazanılan bürünc medalda xidməti az olmadı.

Amma uğurlu çıxış, artan maaş, gələn premiyalar, deyəsən, yenə Təmkini öz ovqatına qaytarmış oldu.

Hətta o qədər qaytarmış oldu ki, Rəşad Sadıqov kimi yerli futbolçulara sahib çıxan, səhvlərinə səbr edən adam özündən çıxdı. Və onu birbaşa əsas komandadan uzaqlaşdırdı. Təbii ki, zəif oyun(lar)a görə gənc mütəxəssis belə sərt cəzaya əl atmazdı. Görünür, ortada yenə böyük nizam-intizamsızlıq var.

Amma bu məsələdə uduzan Xəlilzadə olacaq. Sadıqova nə var ki, birini tapıb onun yerində ondan da yaxşı yetişdirəcək.

29 yaşında da nizam-intizamlı olmağı bacarmayan cinah müdafiəçisi isə indi hiss etməsə də, gələcəkdə buraxdığı boşluqların təəssüfünü çox yaşayacaq.

Sopiçin dediklərini xatırlayacaq, Sadıqovun zəhmətini, ümidini puç etdiyi üçün peşmanlıq keçirəcək. Onda isə qatar çoxdan getmiş olacaq.

Onu "Çelsi"yə aparmalı olub, "Sabah"da, "Zirə"də düşürən qatar...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti