"Belə bir təhdid olmasa, bizim başqa bir düşüncəmiz yoxdur”

27 Sentyabr 2021 17:50 Problem 690
"Belə bir təhdid olmasa, bizim başqa bir düşüncəmiz yoxdur”

“Biz vaxt itirmədən, müharibə başa çatar-çatmaz hərəkətə keçdik. Bu, dövlətimizin gücünü göstərdi.

Çünki bu işləri görmək üçün sadəcə pul kifayət deyil. Resurslar, heyət, komanda, texniki imkanlar, səriştə olmalıdır.

Biz bütün gücləri səfərbər etdik. Elektrik enerjisi ilə bağlı məsələləri ilin sonuna qədər tamamlayacağıq. Bütün bölgəyə elektrik enerjisi veriləcək. Yol inşaatı da davam edir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anadolu Agentliyinə verdiyi müsahibəsində deyib.

“Biz bunu hər şeydən əvvəl öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş qaçqınların tezliklə ora qayıtmasını təmin edək. Artıq Zəngilanda ilk pilot kənd layihəsi ilin sonunda, yaxud da gələn ilin əvvəlində hazır olacaq. Qarabağda yaşayan ermənilər də bunu görür. Çünki bizim televiziyalarımızı izləyir, radiolarımızı dinləyirlər. Burada hansı işlərin icra edildiyini görürlər.

Təsadüfi deyil ki, artıq bir neçə dəfə erməni xalqının nümayəndələri Şuşadakı hərbi mövqelərimizə gələrək onların bu işlərə cəlb olunmasını istəyiblər. Onlar orada işsiz-gücsüz qalıblar. İşsiz, səfalət və ümidsiz vəziyyətdədirlər. Biz buna müsbət yanaşırıq. Amma bunun hüquqi tərəfi tam həll olunmalıdır. Biz orada yaşayan erməniləri öz vətəndaşımız olaraq qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Bu, sovet dövründə, ondan əvvəlki dövrdə və işğal dövründə də belə idi. Biz onları Azərbaycan vətəndaşı olaraq görürük. Sadəcə onlar bunu qəbul etməlidirlər. Onlar bu erməni təbliğatından xilas olmalı, özlərinin və övladlarının gələcəklərini təmin etməlidirlər. Onların işlərdə iştirak etməsinə imkan verməyə hazırıq. Niyə etməyək? Biz gələcəyə stratejik baxımdan sülh prizmasından baxırıq. Çünki bir daha müharibə olsun istəmirəm. Erməni tərəfində qisasçı cərəyanlar baş qaldırmasa, bir daha müharibəyə başlamayacağıq. Əgər Ermənistanda bizə qarşı hər hansı bir təhdid yarandığını görsək, o təhlükəni məhv etməliyik. Bu, bizim qanuni haqqımızdır. Lakin belə bir təhdid olmasa, bizim başqa bir düşüncəmiz yoxdur”, - deyə Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Qarabağda yaşayan 25 min erməni də inşaat, yenidənqurma işlərində iştirak edə bilər: “Eyni zamanda gələcəkdə yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün imkanlar yaradarıq. Qarabağ və Şərqi Zəngəzur ilə bağlı planlarımız göz qabağındadır. Ağdam şəhərinin baş planı təsdiq olundu. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin və ümumiyyətlə rayonların baş planları təsdiqlənəcək. Bu, bizim gücümüzü göstərir və biz bunları ermənilərin Qarabağda yaşadığı kəndlərdə də edə bilərik. Qələbədən sonra bölgələrə onlarla səfər etdim. Orada ermənilərin yaşadığı bəzi kəndlərdə qarşılaşdığım mənzərə məni çox heyrətləndirdi. Bu mənzərələr insana yaraşmayan vəziyyəti əks etdirir. Bəzi kəndlərdə evlər təhlil edilir. Evlərin 95%-i yararsızdır. Yəni orada heç kim yaşamaz, sökülməlidirlər. 30 ildir ki, belə biabırçı vəziyyətdə yaşayan cəmiyyət gün üzünə çıxmaq istəyir. İşıq isə yalnız Azərbaycandan gələcək. Onlar üçün də bunun o qədər də asan olmadığını anlamaq lazımdır. Burada psixoloji vəziyyət də nəzərə alınmalıdır. Amma biz xoş niyyət nümayiş etdiririk və ümid edirik ki, onlar xoşbəxt və firavan gələcəklərinin yalnız Azərbaycan dövlətindən asılı olduğunu başa düşəcəklər”, - deyə Prezident bildirib.

Digər Xəbərlər
Xəbər Lenti