"Azərbaycanın yanında olacağımızı bütün dünyaya bir daha elan etdik"

22 İyun 2021 09:00 Problem 401
"Azərbaycanın yanında olacağımızı bütün dünyaya bir daha elan etdik"

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Nazirlər Kabinetinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, kabinetin iclasından sonra R.T.Ərdoğan Azərbaycana səfərindən söz açıb:

“Səhərə yaxın Bakıya çatdıq. Bir neçə saat sonra da Azərbaycan Prezidenti qardaşım Əliyevlə birlikdə işğaldan azad edilən Şuşa şəhərinə hərəkət etdik.

Həm Brüsseldən birlikdə gəldiyimiz, həm də birbaşa Azərbaycana gələn heyət üzvlərimizlə birlikdə quru yolu ilə Şuşaya gedərkən işğal və müharibə dönəminin dağıntılarını, acılarını, nəticələrini şəxsən görmə imkanı tapdım.

Təxminən 30 il davam edən işğal dönəmində Qarabağa və qəsb edilən Azərbaycan torpaqlarına bir mismar da çalınmaması ilə yanaşı, var olan mirasın da vəhşicəsinə məhv edildiyini gördük.

Hər tərəfin necə dağıdıldığını, yandırıldığını gördük. Bütün bunlarla yanaşı, dünyaya, birinci dərəcədə isə Qərbə deyirəm: “Gəlin, lütfən, Qarabağı görün”. Minsk Qrupunun buraları təkrar-təkrar görməsi lazımdır. Kim nələri 30 ildə nə hala gətirib, bunu görün.

Çoxu Türkiyə mənşəli firmaların 5-6 ay kimi qısa bir müddətdə, çətin bir coğrafiyada önəmli işləri görəndə ölkəmiz adına qürur duydum. Şəhər və istehsalat infrastrukturunun yenidən qurulduğu bu bölgənin ən geci bir il içində yeni bir çöhrəyə qovuşacağına inanıram. Cənab Əliyevdə bu qərarlılığı, bu inancı gördüm.

Şuşa Baş Konsulluğunun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin ən qəsa zamanda xidmətə açılmasına qədər bütün başlıqları yaxından izləyəcəyik.

Çərşənbə günü də Azərbaycan Milli Məclisində qonaq oldum. Zəfər sevincini sanki yenidən yaşadığımız bu səfərdə Azərbaycanın yanında olacağımızı bütün dünyaya bir daha elan etdik.

Qarabağın bölgə üçün nə mənaya gəldiyi önümüzdəki illərdə bir daha anlaşılacaq. Bölgənin yenidən rahatlığa və sabitliyə qovuşmasından ən çox fayda əldə edənlərdən biri də Ermənistan olacaq.

Eyni gün bölgədə xidmət aparan əsgərlərimizlə söhbət etdik. Axşam da Uels oyununu izlədikdən sonra Antalyaya hərəkət etdik. Ümidvaram ki, bu proses Qafqazda yeni bir dönəmin başlanğıcı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti