"Onların bir illik qazancı bizim bəlkə də 10 illik gəlirimizdən çoxdur"

27 Yanvar 2021 15:00 Problem 950
"Onların bir illik qazancı bizim bəlkə də 10 illik gəlirimizdən çoxdur"

"Bu mövsümün əvvəlində Rüstəm Əfsərli təklif elədi ki, gəl, "CBC Sport"da birlikdə bir veriliş açaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasıında futbol eksperti Emin Abbasov deyib.

Tanınmış keçmiş teleaparıcı TV sahəsinə dönüşü və "Turdan sonra" verilişinin artan reytinqi barədə danışıb:

"Rüstəmin təklifi maraqlı gəldi mənə. İdeya bu idi ki, Premyer Liqada tur bitən kimi canlı yayımda oyunları, nəticələri təhlil edək, çempionatda baş verənlərlə bağlı öz mövqeyimizi ortaya qoyaq.

Və ən əsası, danışdıq ki, sərbəst aparaq özümüzü verilişdə, auditoriyaya yaxın olmağa çalışaq. Artıq hiss eləyirəm ki, cəmi bir neçə aydır efirdə olmasına baxmayaraq, "Turdan sonra" verilişi asta-asta reytinq yığmağa başlayır.

Açığı, verilişlərdən sonra zəng edən, mesaj göndərən, ünvanımıza xoş fikirlər deyən adamların sayı get-gedə çoxalır. Əsasən də, futbol ictimaiyyətinə aid olan insanlardan görürəm bu diqqəti.

Hansısa fikirlərimizlə razılaşmayanlar da olur, amma ümumi götürsək, müsbət fikirdə olanların sayı daha çoxdur, nəinki narazıların.

Kənardan bəlkə asan görünür, amma inanın, bütün həftəboyu verilişə hazırlaşıram ki, tamaşaçıya keyfiyyətli məhsul təqdim eləyə bilək.

İlk növbədə dövrü mətbuatı diqqətlə izləyirəm, çünki informasiyaya malik olmaq əsas şərtdir. Digər tərəfdən, diksiya məşqləri də həftədə bir neçə dəfə labüddür.

Vaxt tapıb futbol adamları ilə əlaqə saxlamaq lazım olur ki, mətbuatda getməyən, amma futbolun içində baş verənlərdən də məlumatlı olasan. Və təbii ki, Premyer Liqanın oyunlarını izləməlisən ki, dolğun danışa biləsən matçlar barədə.

Bəzən bizi türk həmkarlarımızla müqayisə edirlər və deyirlər ki, onlarda bu tip verilişlər maraqlıdı, bizdə isə yox. Birincisi, Türkiyə çempionatı ilə bizim futbola olan maraq müqayisəyə gəlmir.

Belədə Türkiyədə futbola olan maraq verilişlərə də daşınır. Sırf verilişlərin keyfiyyətinə gəlincə, burada bir çox nüanslar ortaya çıxır. Onların studiyaları, çəkilişləri mükəmməl səviyyədədir.

Türkiyədə verilişlərə çıxan ekspertlərə gəlincə, adi bir fakt deyim, onların bir illik qazancı bizim bəlkə də on illik qazancımızdan çoxdur. Deyə bilərsiz ki, danışan insandır, pul yox.

Amma maliyyə həm də özünə yatırım eləmək imkanı yaradır insana. Yəni, bu işdə yalnız futbolu yaxşı anlamaq kifayət deyil. İnkişaf eləmək üçün lazım gəlsə, aktyorluq kurslarına getməlisən ki, danışanda biləsən harada hansı jesti eləmək lazımdır, nədən danışanda mimikanı necə idarə eləməlisən və s.

Efirdə səliqəli görünmək də şərtdir. Görünüşünlə, geyiminlə də tamaşaçıda xoş təəssürat oyatmalısan. Az əvvəl qeyd elədiyim kimi, gərək daim futbol adamlarının içində olasan ki, "mətbəxin içində" baş verənləri biləsən və verilişdəki fikirlərin dəqiq olsun.

Qısası, bu elə işdir ki, gərək özünü tamamilə buna həsr eləyəsən. Bizdə isə bu demək olar mümkün deyil.

Misal üçün, mənə klubda çalışarkən qazandığım məvacib təklif olunsaydı, özümü bu sahədə gəlişdirərdim və dərhal olmasa da, düşünürəm ki, 2-3 ilə yaxşı səviyyəyə çata bilərdim.

Amma bu, real deyil. Ona görə də mən bizdə tv-də futbol eksperti peşəsinin inkişafına bədbin baxıram. Yatırım olmasa, səviyyəli ekspertlər yetişməyəcək.

Az-çox potensialı olanlar da fürsət tapan kimi daha sərfəli təklif qarşılığında klublara və ya başqa sahələrə gedəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"