Premyer Liqanın 35-ci mövsümünə start verildi.
Açılış oyunu bayram ab-havasında başladı.
Tovuzda, minlərlə azarkeşin dəstəyi altında iki bölgə komandasının – “Turan Tovuz”la “Qəbələ”nin qarşılaşması, hər iki kollektivin başında təcrübəli və sözünü demiş məşqçilərin – Kurban Berdıyevlə Kaxaber Tsxadadzenin dayanması, oyunun ruhu, tempi, bir sözlə, sanki hər şey futbolun gözəlliyi üçün proqramlaşdırılmışdı.
90 dəqiqə ərzində futbolçular arasında qarşılıqlı anlaşmanın olmasını, ədalət təmsilçisi Tural Qurbanovun idarəçiliyini də açılış səhnəsinin xüsusi güşəsinə qoya bilərik.
Büdcə baxımından rəqibini bir neçə dəfə üstələyən “Turan Tovuz”un dominantlığı təəccüb doğurmadı. Əksinə, böyük hesablı qələbə qazanacağını proqnozlaşdıranlar gümanında yanıldı.
Xüsusən ilk hissədə - Jo Batista meydanı tərk edənə qədər hərəkətli və təhlükəli görünən tovuzlular bir yox, bir neçə qol vura bilərdi. Braziliyalı forvard zədələnib meydanı tərk edəndən sonra “Turan Tovuz”un hücum kəsəri azaldı.
Alexandro Serranonun fasilə dönəmindən səmərəli istifadə etməsi hər mənada özünü göstərirdi. Az qala hər epizodda o topu, top isə onu axtarırdı. “Dirijor” oyunboyu dayanmaq bilmədi, demək olar bütün hücumların qurulmasında sol ayağını işə saldı.
Nəyə qadir olduğunu ilk dəfə gördüyümüz David Tavareş belə davam etsə, qərb təmsilçisinə ciddi fayda verəcək.
“Şamaxı”dan tanıdığımız Dioqo Balau isə əvvəlki mövsümdə özünü bizə tanıtmışdı. Sadəcə indi daha usta futbolçularla yanaşı oynayır, komandası daha çox hücum edir və tam təbii olaraq Balau səhnəyə çıxır.
“Turan Tovuz”un oyunun sonlarına yaxın təşəbbüsü rəqibə verməsi kənardan təhlükəli görünürdü. Məsələn, “Qəbələ”nin yerində “Qarabağ”la “Sabah”ı demirəm, “Neftçi”ylə “Zirə” olsaydı, hesabı bərabərləşdirər, bəlkə də qələbə topunu vurardı.
Tsxadadze güclü rəqibə qarşı, həm də səfər görüşündə start “11-liy”ində iki ucaboy hücumçuya şans verməklə Berdıyevə sürpriz hazırlamışdı. Məqsəd standart vəziyyətlərdə təhlükəli olan “Turan”ın qarşısını almaq və rəqibi öz “silahı”yla vurmaq idi. Ümumi götürsək, pis alınmadı, lakin nəticəyə faydası olmadı.
“Qəbələ”nin yeniləri ilk oyun üçün xoş təsir bağışladı. Hər halda ötən mövsüm cəlb olunanlardan yaxşı göründülər. Fiziki yüklənmələrdən doğan yorğunluq ikinci hissədə hiss olunurdu ki, bu da zamanla keçəcək.
İndiki müdafiə xəttini etibarlı hesab etmək olar. 5-li müdafiənin dörd nəfəri legionerdir ki, keyfiyyət öz sözünü deyir. Çiyin-çiyinə daha çox şans qazandıqca arxa xətt daha yaxşı olacaq.
Ehtiyat oyunçular skamyasının əsasən yerlilərdən təşkil olunması “Qəbələ”yə problem yarada bilər. Qarşıdakı həftələrdə əsas heyətdən 1-2 nəfər zədə, yaxud cəza ilə üzləşsə, onları layiqincə əvəz edənlər tapılmayacaq. “Qırmızı-qaralar” daha iki legioner lazımdır.
Çempionat şən və maraqlı başladı. Davamı daha gərgin və rəqabətli olacaq.
HƏBİB / SPORTİNFO.AZ
