Qurban Qurbanov bəzi gəncləri "Qarabağ"da saxlamaqla karyerasına zərbə vurub.
Bu fikirləri futbol camiəsində çox eşitmişəm.
Və heç vaxt da razılaşmamışam. Ümumiyyətlə, son illər ortaya çıxan sanballı yerlilərin 90%-i "Qarabağ"ın adı ilə bağlıdır. Bu klubda məhz Qurban Qurbanovun əlinin altında damla-damla böyüyüb, inkişaf ediblər.
Və ya "Qarabağ"dan gedib üst səviyyədə yerliyə çevrilən azərbaycanlı görməmişik. Olubsa da çox az.
Əksəriyyəti umumiyyətlə itib-batıb.
Onlardan biri də İbrahim Ramazanovdur.
Mərkəz müdafiəçisi 2024-cü ildə yetirməsi olduğu "Qəbələ"də debüt edəndə cəmi 20 yaşı vardı.
2023/24 mövsümü Premyer Liqada keçirdiyi 4 görüşdə göstərdiyi performansla Qurban Qurbanovun diqqətini çəkə bilmişdi.
Həmin ilin yayında təcrübəli mütəxəssis gənc stoperi əsas komanda ilə Avstriya təlim-məşq toplanışına aparmışdı.
Hətta sınaq matçlarında meydana buraxmışdı.
Amma toplanışının sonunda gənc oyunçuya tövsiyə edib ki, bu yaşda burada ehtiyatda oturmaqdansa bir müddət digər klublarda təcrübə toplasan yaxşı olar.
İbrahim özü də həmin vaxt yaxın ətrafına etiraf edib ki, Bəhlul, Bədavi, Medina çox yüksək səviyyədə oyunçulardı. Adıçəkilənlər barədə ağızdolusu danışıb. Onları görüncə "Qarabağ"da qala biləcəyi ilə bağlı ümidləri də ciddi sarsılıb. Məşqlərdə böyük həyəcan keçirib.
Görünən odur ki, illərin zəngin təcrübəsinə sahib Qurbanov özü də məşqlərdə bunun fərqinə varıb.
Ki, ona başqa kluba getməyi məsləhət görüb.
Kaşki görməzdi...
Kaş ki elə "Qarabağ"da qalardı...
Hər halda Ağdam klubunda sonrakı taleyindən daha yaxşı günlər yaşayardı.
"Turan Tovuz" İbrahimi heyətinə qatdı.
3 illik müqavilə ilə.
Adətən bu qədər uzunmüddətli müqavilə perspektivi olan gənclə bağlanır.
Təəssüfki, "Turan"ın 20 yaşlı gəncə inamı yalnız kağız üzərində qaldı.
Klub sonrakı iki mövsümdə ona bir Premyer Liqa matçında şans vermədi.
Müxtəlif klubların icarəyə götürmək istəyi geri çevrildi.
Bu da gözlənilən acı sonluq...
Cəmi 2 ildə "Qəbələ"də parlayan, Qurban Qurbanovun istəy ilə "Qarabağ"a baxışa dəvət olunan, "Turan Tovuz"la 3 illik anlaşma imzalayan İbrahim bir neçə gün əvvəl Birinci Liqa təmsilçisi "Zaqatala"ya üz tutub.
İddia etmirəm ki, başverənlərdə İbrahim tam günahsızdır.
Amma onu da unutmayaq 20 yaşlı gənc səhv qərar verə bilər.
Bəs klublarımız hara baxır?
Niyə bir dəfə də öz maraqlarını yox, azərbaycanlı balalarını düşünmürlər?
Bu uşaq "Turan Tovuz"a lazım deyildisə...
2 ildə Premyer Liqada bir rəsmi oyunda şans verilməyəcəkdisə...
3 illik müqavilə niyə imzalanırdı?
Niyə bu müddətdə onun özünü tapa biləcəyi bir kluba icarəyə verilmədi?
Suallar ritorikdir...
Həqiqət isə bir - Klublarımız istedadlı gəncləri bədbəxt edirlər.
Ya əlində olanlara dəyər verməməklə, ya da iyrənc yanaşmaları ilə uşaqların futbol sevgisini öldürərək.
XANOĞLAN / SPORTİNFO.AZ
