Keçmiş postsovet ölkələri arasında Azərbaycan klublarına boy verə bilmədiyi ölkələr Rusiya və Ukrayn təmsilçiləridir.
Bu ölkərin klubları dayanıqlı büdcəsi, geniş və keyfiyyətli heyəti ilə seçilib ki, məhz buna görə bizimkilər xüsusən Rusiya klublarını üstələməkdə çətinlik çəkib.
Hə, bir də ip olub boğazımıza keçən Belarus var. Müxtəlif yaş qruplarından ibarət (əsas milli daxıl) milli komandalar səviyyəsində qələbələr olub. Lakin iş gəlib avrokuboklara çıxanda...
Azərbaycan və Belarus təmsilçilərinin avrokubok matçlarındakı nəticələri birmənalı rəqibin xeyrinədir.
“Dinamo Minsk”lə “Neftçi”nin hazırkı durumunu və imkanlarını nəzərə alıb düşünmək olardı ki, sindrom qırılacaq, nəhayət, hansısa Azərbaycan klubu Belarus təmsilçisini mübarizədən kənarlaşdıracaq.
Avropa Liqasının 2011/12 mövsümündə püşk AZAL-ı “Minsk”ə rəqib etmişdi. Bakıdakı qarşılaşma 1:1 hesabı ilə başa çatmış, səfərdəki dueldə meydan sahibləri 2:1 hesablı qələbə ilə mərhələni adlayan tərəf olmuşdu.
2018/19 mövsümündə “Qarabağ”la BATE arasında baş tutan oyunlar yəqin ki, yadınızdadır. Çempionlar Liqasında mübarizə aparan təmsilçimizin ardıcıl ikinci mövsümdə qrup mərhələsinə vəsiqə qazanacağına ümid edirdik.
3-cü mərhələdəki rəqibin BATE olması inamı bir az da artırmışdı. Lakin gözlənilməz baş verdi. Bakıda 1:0 hesablı qələbəyə sevinən Belarus təmsilçisi öz meydanında uduzmadı – 1:1. Nəticədə mərhələni BATE adladı.
“Neftçi”nin avrokuboklara ciddi yanaşması, heyətin güclənməsi, klubdan verilən inamlı açıqlamalar 2026/27 avrokubok mövsümünün “ağ-qaralar” üçün uğurlu olacağına ümid edirdik.
Rəqibin ev oyunlarını fərqli ölkələrdə keçirən Minsk “Dinamo”su olması azarkeşləri sevincini birə-beş artırmışdı. Bakıda 2:4 hesabı ilə məğlub olan “Neftçi” səfər görüşündə 1:0-a sevinsə də, Konfrans Liqasının 3-cü mərhələsinə yüksələn yenə Belarus təmsilçisi oldu.
Madam söhbət Avropa arenalarından gedir, siyahıya “Cəbrayıl”ın da adını salmaq olar. 2021/22 mövsümündə Region Liqasının qalibi olan “Cəbrayıl” Region Kubokunda iştirak hüququ qazanmışdı ki, ilkin seçmə mərhələnin ikinci qrupundakı rəqib “Kolos” idi.
Oyunların hər ikisi Şamaxı şəhər stadionunda keçirilmişdi. İlk matçda 1:2 hesabı ilə uduzan “Cəbrayıl” növbəti qarşılaşmada darmadağın olmuşdu – 2:6.
Rəqəmlər də göstərir ki, Belarus klubları bizimkilər üçün kabusa çevrilib – 8 oyun, 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət.
Yox, təkcə peşəkar səviyyəni nəzərə alsaq, vəziyyət yenə ürəkaçan deyil – 6 oyun, 1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət.
Ümid edək ki, uğursuz seriyanı qıran tapılacaq.
HƏBİB / SPORTİNFO.AZ
