Azərbaycan futbolunun perspektivli yarımmüdafiəçilərindən Nazim Hüseynov karyerasında yeni səhifə açır.
Son olaraq "İmişli"nin şərəfini qoruyan və klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən gənc oyunçu qardaş ölkə təmsilçisi "Çorum FK"ya keçir.
Təxminən bir ay öncə Türkiyənin iki klubu - "Bodrumspor" və "Çorum FK" tərəfindən izlənməyə alınan Hüseynov xüsusilə sol ayaqla yüksək texnikası və pleymeyker bacarığı ilə skautların siyahısına düşüb.
Hazırlanmış ətraflı video-hesabatların ardınca "Çorum FK"da baxışdan keçən futbolçu nümayiş etdirdiyi yetkin oyunla texniki heyətin etimadını qazanıb və tərəflər peşəkar müqavilə şərtləri üzərində razılığa gəlib.
Yerli çempionatımızda klassik "10 nömrə" funksiyasına tələbatın azaldığı bir dövrdə, bu ampluaya Türkiyədə verilən xüsusi dəyər gənc istedadın inkişafı üçün əlverişli zəmin yaradır.
Planlaşdırmaya əsasən, Nazim davamlı oyun ritmini qorumaq məqsədilə ilk mərhələdə ikinci komandada forma geyinəcək.
Bu heyətin əsas komanda ilə eyni təqvim və səfər qrafikini bölüşməsi isə onun baş məşqçinin birbaşa diqqət mərkəzində qalmasını təmin edəcək.
Artıq iki həftədir düşərgədə yer alan və sınaq matçlarında qüvvəsini sınayan Hüseynov üçün klubun təqdim etdiyi yüksək templi məşqlər, eləcə də müasir fiziki bərpa və vitamin təminatı mühüm rol oynayır.
Gənc yarımmüdafiəçinin gələn həftədən etibarən komandanın rəsmi matçlarında debüt edəcəyi gözlənilir.
SPORTİNFO.AZ
