İki dəfə Bakıya gəldi, “Qarabağ”lını qovdu, yenə iş başına qayıtdı

19:40 Qarabağ 134
İki dəfə Bakıya gəldi, “Qarabağ”lını qovdu, yenə iş başına qayıtdı

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Niderlandda oynanılacaq ilk matç Albaniyadan olan briqadaya tapşırılıb.

Meydanda əsas söz sahibi Cuxin Caca olacaq. Yan xətlərdə ona Rejdi Avdo və Mario Shazivari köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Emanuela Rusta yerinə yetirəcək.

36 yaşlı referi Tirana Kənd Təsərrüfatı Universitetini bitirməsinə baxmayaraq, çox az müddətdə dövlət orqanında çalışıb. Hakimliyə olan həvəsi onu yaşıl meydanlardan uzaqlaşdıra bilməyib.

25 yaşından Albaniyanın yüksək liqa oyunlarına təyinat alıb, 26 yaşında ölkənin ən səs-küylü derbilərindən olan “Partizani” – “Tirani” qarşılaşmasını idarə edib.

Federasiyanın təyinatı futbol ictimaiyyətində ciddi narazılıq yaratmasına baxmayaraq, Caca işinin öhdəsindən layiqincə gələrək ən yüksək qiyməti alıb.

2018-ci ildən FİFA referisi statusuna yiyələnərək geridə qalan müddətdə avrokuboklarda 29 oyun idarə edib.

Maraqlıdır ki, bunların ikisində yolu “Qarabağ”la kəsişib.

İlk dəfə 2022-ci ildə, sentyabrın 15-də “köhlən atlar” Bakıda “Nant”ı qəbul edəndə, albaniyalı ədalət təmsilçisi ölkəmizə səfər edib.

Lakin oyunu o idarə etməyib, dördüncü hakim funksiyasını yerinə yetirib. “Qarabağ”ın fransızları 3:0 hesabı ilə darmadağın etməsinin canlı şahidi olub.

Bir il sonra növbəti dəfə paytaxtımıza təşrif buyurub. Bu dəfə baş hakim qismində “Qarabağ” – “Haken” görüşünü idarə etmək üçün. Təmsilçimiz bu dəfə də 2:1 hesablı qələbəyə sevinib.

Cuxin həmin oyunda “Qarabağ”ın futbolçusuna qırmızı vərəqə göstərib.56-cı dəqiqədə Marko Veşoviçə sarı vərəqə göstərən hakim VAR-a baxandan sonra qərarını dəyişərək “qırmızı”ya əl atıb.

Görünən odur ki, albaniyalı hakimin fiti hər iki oyunda “Qarabağ” üçün düşərli olub. Görək, bu dəfə hansı nəticə qeydə alınacaq.

Bu gün Niderlandda keçiriləcək “Tvente” – “Qarabağ” matçının start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti