Azərbaycan Premyer Liqasını Avropanın normal klublarına dəyişən oyunçuların sayı artmaqdadır.
Bu yayın ən səs-küylü gedişi Kamilo Duranın "Seltik"ə transferidir.
"Qarabağ" illərdi bu işi görür.
Artıq açdığı yolun yeni sakinləri də var.
Ən son Aron Maluda "Sabah"ı "Bazel"ə, 2025-ci ilin yayında isə Salifu Suma "Zirə"ni "Malmö"yə dəyişdi.
Təbii ki, sadaladığımız və adını çəkmədiyimiz bu səpkidə keçidlər futbolumuz adına sevindiricidir.
Deməli, liqamızı izləyən, dəyər verən Avropa klubları var.
Bu məqam istedadlı əcnəbilərin ölkəmizə yolunu da açmış olur.
Ki, buradan daha yaxşı yerlərə tramplin kimi istifadə etmək şansları artır.
Amma burada narahat olmalı məqam da yox deyil.
Təəssüflə qeyd etməliyik ki, "Qarabağ"ı daha yaxşı pullar qarşılığında tərk edənlər heç də özünü doğrulda bilməyib.
Toy-bayramla "Flaminqo"ya gedən Olavio Juninyonun, "Krasnodar"a üz tutan Kadi Borqesin aqibətini səssizlik müşahidə elədi.
Ödənilən milyonlarla təzminatın haqqı ödənilmədi.
Elə Salifu Suma da "Malmö"nü ona ödənən pula görə peşman etdi.
Bu cür tendensiya avropalıların bizdən üz çevirməyinə ciddi əsas verə bilər.
"Əşşi orada parlayanlar bir işə yaramır" görüntüsü yaratmış olacaq.
Bu baxımdan Kamilo Duran və Aron Maludanın üzərinə böyük məsuliyyət düşür.
Uğurlu olsalar, ölkəmizdə olan digər istedadlara da yol açacaqlar.
Klublarımız milyonlar qazanmağa davam edəcək.
Yox, əks halda, burada parlayanlar daha əcnəbi klublara, skautlara maraqlı olmayacaq.
Deməli, adıçəkilən oyunçuların getdikləri yerdə uğurlu olmasını ən azı özləri qədər istəyən, arzulayan "Qarabağ", "Sabah" və digər klublarımız olmalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
