“Qarabağ” “Tvente” ilə oyuna ciddi itkilərlə çıxacaq.
Baş məşqçi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında dörd futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Kimdir onlar?
“Dinamo” (Kiyev) ilə ilk görüşdə qırmızı vərəqə alaraq cəzalı duruma düşən Cebrail Makreçkis bu dəfə də meydana çıxmaqdan məhrumdur. 2 oyunluq cəzalanan sağ cinah müdafiəçisi Niderlanddakı matçda cəzasını başa vuracaq.
Zakaria Savo ilə Elvin Cəfərquliyev zədəlidir. Elvinin “Tvente” ilə hər iki görüşü kənardan izləyəcəyi dəqiqdir. Savo isə bir neçə həftə müalicə almalıdır.
“Şamaxı” ilə Premyer Liqa oyununda zədələnərək əvəzlənən Renaldo Sefasın durumu da ürəkaçan deyil. Yamaykalı vingerin bu oyunda meydana çıxmaq şansı yox dərəcəsində azdır.
Dörd vacib futbolçunun yoxluğu təbii ki, “Qarabağ”a ciddi çətinliklər yaradacaq.
Avqustun 20-də Enshede şəhərindəki “De Qrolş Veste” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
