Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
Bu ilin əvvəlində “Qarabağ”ı ABŞ-ın “Kolombus Kryu” klubuna dəyişən 22 yaşlı futbolçu okeanın o tayında ümidləri doğrultmadı.
Nəticədə yenidən Avropaya qayıtmaq həvəsinə düşdü ki, bu dəfə yolunu qardaş ölkəyə salıb, Super Liqa təmsilçisi “Erzurumspor”la 1 illik icarə sözləşməsinə imza atdı.
Nərimanın “Erzurumspor”a keçidi türkiyəli futbolsevərlərin fərqli münasibətinə səbəb olub. Klubun sosial şəbəkə hesabında ona uğur arzulayanların sayı çox olsa da, məsələyə fərqli cür yanaşanlar da tapılıb.
Maraqlı şərhlərin bir neçəsini təqdim edirik:
“Baba, “Fenerbahçe” ilə oyunda nəsə edə biləcəksən?”
“Öz komandamızda qardaşlarımızın bir oyunçusunun olması adamı xoşbəxt edir. Yaxşı futbolçuya oxşayır”.
“Amerikada kuryerlik etsəydin, daha yaxşıydı. Amerikadan Erzuruma gəlmək, nə bilim... Atdan düşüb eşşəyə minmək kimi bir şeydir”.
“Yaxşı sürəti var, sol ayaqla dəqiq zərbələr vurur. Amma bir adam Amerikadan Erzuruma niyə gəlsin axı?”
“Amedspor”a qol vurub Erenle bozqurd işarəsi göstərəcəyin günü gözləyirik”.
“Azərbaycanlı azarkeşlərə mesaj göndər ki, Super Liqada yalnız bir komandaya azarkeşlik etsinlər – “Erzurumspor”a.
“Bura əsl sənin yerindir, darıxmayacaqsan. Qol və assistlərlə bizi sevindirsən, həyat sənin üçün bir az da maraqlı olacaq”.
HƏBİB / SPORTİNFO.AZ
