“Neftçi” danışıq apardı, “Sumqayıt” sifariş edəcək, başqaları maraqlı deyil

5 İyul 2020 19:20 Premyerliqa 1 572
“Neftçi” danışıq apardı, “Sumqayıt” sifariş edəcək, başqaları maraqlı deyil

Sportinfo.az xəbər verir ki, koronavirusun xüsusi “əməyi” sayəsində gündəlik həyatımız maskadan asılı duruma düşüb.

Artıq yaşından, cinsindən, dinindən və dilindən asılı olmayaraq, hər kəs qoruyucu vasitədən istifadə etməyə məhkumdu.

Başqa ölkələrdə qaydalara əməl etməyənlər cərimələnir, ya yox – dəqiq demək çətindi. Amma bizdə maska taxmamağın bədəli 200 manat cərimədi.

Belə bir vəziyyətdə avropalılar olduqca maraqlı ideya ilə çıxış etməkdədilər. Qoruyucu maskaların üzərinə klubun loqosu və adı həkk olunur. Təkcə klubda çalışanlar, məşqçi və futbolçu heyəti yox, azarkeşlər də həmin maskalara sahib olmağı bacarır.

Bizdə isə bu addımı birinci “Qarabağ” atdı. İyunun 20-də, ağdamlılar çempionluq kubokuna və medallara qovuşan gün üzərinə “Qarabağ”ın adı və loqosu həkk olunan qoruyucu parçalar qonaqlara paylanmışdı.

Hətta biz jurnalistlərə də bundan pay düşdü. Həqiqətən də kənardan baxanda xoş görünür, ətrafdakıların diqqətini çəkir. Şəxsən bəndənizin istifadə etdiyi maska ilə çoxları maraqlanıb, harda satıldığını soruşublar. Yəni satışa çıxarılsa belə, insanların ona sahib çıxmaq istəyəcəyini əminliklə söyləmək olar.

Məsələn, “Neftçi” fanatları “Neftçi”nin, Masazırda yaşayanlar “Sabah”ın, Zirədə yaşayanlar isə eyniadlı klubun maskalarından yararlanmaq həvəsinə düşəcək. Bunun üçün isə klublar qollarını çırmalamalıdı. Necə ki, “Qarabağ” bu addımı atdı.

Qol çırmalamaq üçün isə həvəs lazımdı. Amma həmin həvəs heç də bütün klublarda yoxdu. Hər halda, dünən mətbuat katiblərinin dediklərindən bunu anlamaq çətin deyildi. Müəyyən mənada Avroliqada iştirak edəcək klublar istəkli görünür (Futbol+).

Rüstəm Allahverdiyev, “Neftçi”: “Açığı, belə bir ideyamız var. Hətta bu işlərlə məşğul olan şöbəyə lazım olan tapşırıq verilib, maska idxal edən şirkətlərlə danışıq aparılıb. Komandaların məşqlərə başlamasına icazə verilən kimi bizdə də “Neftçi” loqolu maskalar olacaq. Elə bir çətin proses deyil. Özümüzdə maska isrtehsalı varsa, üzərinə ad və loqo yazmaq problem olmamalıdı”.

Murad Axundov, “Keşlə”: “Olduqca yaxşı ideyadı. Hətta “Qarabağ” belə bir addın atmışdı və maraqlı alınmışdı. Sadəcə, hazırkı durum bir az qarışıqdı. Məşqlər dayandırılıb, ofisdə heç kim yoxdu. Yalnız təhlükəsizlik xidmətinin əməkdaşları çalışır. “Qarabağ”a çempionluq kuboku təqdim olunan mərasimdə maskalar paylanmışdı, nəticədə xoş görüntü yaranmışdı. Sabah biz də sifariş versək və əldə etsək, harda taxacağıq, necə istifadə edəcəyik? Ona görə də belə bir fikrimiz yoxdu. Gələcəkdə hansısa tədbir olsa, məşqlər bərpa olunsa, maraqlı bir şey düşünmək olar. Yenə deyirəm, diqqətçəkən ideyadı”.

Rəşad Məmmədov, “Sumqayıt”: “Bəli, belə bir ideyamız var və artıq üzərində iş gedir. Bir qədər irəli gedib qeyd edim ki, ideyamız indinin yox, bir neçə ay əvvəlindi. Dizayn hazırdı, hətta Türkiyə şirkətinə sifariş edəcəyik. Xeyr, satmaq və paylamaq üçün nəzərdə tutulmayıb. Klubun əməkdaşlarına, rəsmilərinə, məşqçi və futbolçu heyətinə paylanacaq. Avrokubok və çempionat oyunları üçün azarkeşlər üçün də nəzərdə tutula bilər. Çox gözəl fikirdi. Həm sağlamlq cəhətdən, həm də klubun reklamı, təbliği baxımından”.

Elmar Abdullazadə, “Zirə”: “Avropalılar meydana çıxıb futbol oynayırlar deyə, maskadan istifadə aktualdı. Biz harda taxaq? Hamı evində-eşiyindədi. Düzü, bu gün həlli vacib o qədər problem var ki. Mövsüm yarımçıq başa çatdırıldı, legionerlər vətənlərinə gedə bilmirlər və buna bənzər xeyli çətinliklər var. Ona görə də maska mövzusu aktual deyil”.

Elnur Həmidov, “Sabah”: “Açığı, bu barədə müzakirə aparılmayıb. Yalnız çempionat başlayandan sonra dediyiniz məsələ ətrafında nəsə düşünmək olar. Bildiyiniz kimi, hazırda ölkə futbolunda qeyri-müəyyənlik hökm sürür. Ona görə də sualınıza konkret cavab verə bilməyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"