COP29

AÇIQLANDI - Premyer Liqada klub sayı nə zaman 12 olacaq?

15 Avqust 23:40 Premyerliqa 3 390
AÇIQLANDI - Premyer Liqada klub sayı nə zaman 12 olacaq?

“Azərbaycan Premyer Liqasında komanda sayının artırılmamasının əsas səbəbi maliyyə ilə bağlıdır”.

Bu sözləri “Sportinfo TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “cebheinfo.az”-a açıqlamasında deyib.

O xatırladıb ki, son 2 il ərzində müəyyən sponsor razılaşmaları sayəsində Premyer Liqada yer alan 10 komandaya illik 3 milyon manata yaxın pul köçürülür:

“Amma bir mövsüm ərzində 3 milyon manatla Premyer Liqada komanda saxlamaq çox çətindir. Buna görə də iş adamlarının futbola cəlb edilməsi çox böyük əhəmiyyət kəsb edir.

Əslində, hər birimiz əsas liqamızda 12, 16, hətta 18 komandanın olmasını istəyərik. Əsas məsələ isə elə bundan sonra başlayır.

Çünki mövsümün ortasında futbolçuların maaşı ödənməsə, komandada xaos olar. Bunun nümunəsini "İrəvan" adlı futbol klubunun timsalında gördük.

Klub idarəçiləri tərəfindən komandanın başına nə oyunlar açıldığına şahid olduq”.

Ekspert qeyd edib ki, bu məsələnin həlli üçün ilk növbədə iş adamlarını futbola cəlb etməliyik:

“Bunun üçün də mütləq şəkildə dövlət proqramı lazımdır. Xatırladım ki, “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” adlı sənəd qəbul olunmuşdu.

Ondan sonra ölkəmizdə klub sayı da artdı, iş adamları da futbola cəlb olundu. Amma nəzarət mexanizmi yaxşı olmadığı üçün bu mükəmməl hazırlanmış dövlət proqramı 1-2 klubu çıxmaq şərti ilə bərbad bir vəziyyətlə yekunlaşdı”.

Mütəxəssisin fikrincə, bugünkü gündə də futbolun inkişafına dair yeni dövlət proqramının qəbul olunması labüddür:

“Əgər bu olmasa, futbolunun inkişafını nə görə, nə də iş adamlarını futbola cəlb edə bilməyəcəyik. Çünki iş adamı investisiya yatırandan sonra pul qazanmalıdır.

Dövlət proqramı çərçivəsində futbola cəlb olunan iş adamlarına müəyyən güzəştlər olunur.

Bu iş adamı üçün də maraqlı olduğuna görə pul xərcləyir. Məhz yenidən dövlət proqramı qəbul olunarsa, nəzarət mexanizmi gücləndirilərsə, o zaman futbolumuzda və klublarımızda dirçəlişin şahidi olarıq.

Bu olmayacağı təqdirdə, iş adamları futbola investisiya yatırmayacaq. Çünki futbola xərclənən pulu geri qaytarmaq çətindir.

Yeni dövlət proqramı qəbul olunmasa, Azərbaycanda klub sayının artmasını da görməyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti