
"Kəpəz" bütün detallarda razılıq əldə etdiyi Stefan Çupiçlə danışıqları dayandırıb.
2 gün sonra Azərbaycana gəlməsi planlaşdırılan serbiyalı qapıçıya ondan imtina olunması barədə məlumat verilib.
Belə qərar verilməsinə səbəb viza deyil. Klubdan redaksiyamıza bildirilib ki, son anda Cupiçdən imtina edilməsi yerli tərəfdarların bu transferə ciddi etirazıyla bağlıdır.
Belə ki, qolkiper əvvəllər “Ararat Armenia"da forma geyinib və Vətən Müharibəsi zamanı öz sosial şəbəkə hesabından Ermənistana dəstək paylaşımları edib.
Qərb təmsilçisinin fanatları da birmənalı olaraq belə birinin transferinə qarşı çıxıblar. Çıxılmaz vəziyyətdə qalan rəhbərlik baş məşqçi Tərlan Əhmədova balkanlıdan imtina etməkdən başqa yol olmadığını bildirib.
“OFK Beoqrad”, “Dorçol”, “OFK Baçka”, “Sarpsborq”, “Vozdovaç”da çıxış etmiş 28 yaşlı qapıçı 2019-2021-ci illərdə “Ararat-Armenia”da legioner həyatı yaşayıb. Hazırda azad agent olan oyunçunun son klubu isə Nikosiya “Olimpiakos”u olub.
XANOĞLAN / SPORTİNFO.AZ