Gənc məşqçilərin "start davası"nda kim qazanacaq?

12 Avqust 2022 16:40 Premyerliqa 289
Gənc məşqçilərin "start davası"nda kim qazanacaq?

Premyer Liqada bu gün ikinci tura start verilir.

Elə turun ən maraqlı matçının da startda gözlənildiyini demək olar.

Mövsümə iddialı başlayan "Sabah" birinci turdu çətinliklə "Kəpəz" üzərində qələbə qazanan "Zirə"nin qonağı olacaq.

Bu həm də iki gənc və enerjili mütəxəssislərin dueli kimi xarakteriza olunur.

Ki, heyətlərə baxsaq, büdcəyə baxsaq, nisbətən qonaqların üstün durumda olduğunu deyə bilərik.

Amma meydan sahiblərinin başında Rəşad Sadıqovun olması düşünməyə vadar edir.

Düzdü, birinci tur Sadıqovun komandası o qədər də inamlı görünmədi. Bunda müxtəlif səbəblər ola bilər. Rəqibə yuxarıdan aşağı baxmaq, ilk hissənin sonunda buraxılan qol, Konfrans Liqasında mübarizəni dayandırmaq və.s kimi.

Amma istənilən halda təcrübə hesabına olsa da vacib 3 xalı çıxarmaq mümkün olmuşdu. Məlumdur ki, bu gün eyni boşluqları vermək olmaz. Bu dəfə qələbə üçün təcrübədən əlavə yaxşı oyun keçirmək də mütləqdir. Ən azından rəqib o rəqib deyil. Və bu baxımdan "Zirə"nin necə təsir bağışlayacağı maraqla gözlənilir.

Murad Musayevin komandası isə yeni sezona fırtına kimi başladı. Kifayət qədər güclənən və yenilənən "Sumqayıt" bir nəfəsə məğlub edildi. 90 dəqiqə dominanat futbol oynayan Musayevin yetirmələri sonda 3 xalı 3 qolla qazandı.

Bəs bu gün?

Çoxumuza bu sual maraqlıdır ki, eyni mənzərəni "Zirə"yə də yaşatmaq mümkün olacaqmı?

Əgər "Zirə"yə də eyni aqibət yaşadılsa, "Sabah" adına uğurlu gələcək yolunda möhkəm körpünün təməli atılmış olacaq.

Hə, haqqlı olaraq uzun marafonun qarşıda olduğunu düşünə bilərik. Amma startın nə qədər önəmli olmasını da unutmaq olmaz. "Sabah" elə məhz ötən il bərbad starta görə sonda həm medal, həm də avrokuboklardan oldu. Bu ilə isə komandanın belə bir limiti yoxdur.

XANOĞLAN İMANOV

Xəbər Lenti