"Neftçi"də yenə hansısa intriqanın, çəkişmənin olması hiss edilir"

14 Aprel 2021 17:40 Premyerliqa 878
"Neftçi"də yenə hansısa intriqanın, çəkişmənin olması hiss edilir"

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 22-ci turunun “Qəbələ” - “Neftçi” (2:2) və “Sabah" - “Səbail” (0:0) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Qəbələ" - "Neftçi"
Oyunun maraqlı keçəcəyi gözlənilirdi. Ələlxüsus da, "Neftçi"nin evdə "Sumqayıt"a məğlubiyyətindən sonra komandanın Qəbələyə 3 xal üçün gedəcəyi məlum idi.

Ancaq "Qəbələ" də son turlar xallar itirdiyi üçün bu oyun onlara da vacib idi. Çox maraqlı oyun oldu. "Neftçi" çox istəkli görünürdü.

Amma müdafiədə edilən səhvlər komandanı istəyindən uzaq saldı. Çempionluğa oynayan komandanın öz qapısında 2 qol görməsi acınacaqlı haldır.

Öncəki illərə baxanda, Samir Abasovun gəlişindən sonra"Neftçi"nin toparlanması göz qabağındadır. Amma yenə komanda daxilində hansısa intriqanın, çəkişmənin olması hiss edilir.

Ümumilikdə "Neftçi" baxımlı oynayır. Xarakter göstərməyi bacarır. Çemionatın gedişində digər komandalar üçün motivasiya yarada bilir.

"Neftçi" çempion olmaq istəyirsə, bir qədər də toparlanmalıdır. Belə oyunlarda xal itirməli deyillər. Məncə, "Neftçi" sona kimi çempionluq mübarizəsi apara bilər.

Haakimlərə gəlincə, Əliyar Ağayev bir epizodda «Qəbələ»nin yarımmüdafiəçisi Kamal Mirzəyevə ikinci sarı vərəqəni vermədi. Bu səhv olmasaydı, hakimlər ən yüksək qiymətə layiq görülə bilərdi.

"Sabah" - "Səbail"

"Sabah" Ramin Quliyevin gəlişindən sonra ilk qələbəsini qazanmışdı. Heyətdə düzgün seçim olması və futbolçuların ürəkdən oynaması göstərir ki, onlar yeni baş məşqçinin təyinatına sevinirlər.

Məşqçi korpusunun dəyişməsi ab-havanın da dəyişməsinə gətirib çıxarıb. Ramil Şeydayevin Təmkin Xəlilzadə ilə anlaşması, Bəhlul və digər futbolçuların inamlı oynaması göstərdi ki, məşqçi adı bir rol oynamağa başlayıb.

İstedadlı gənc və veteran baş məşqçilərimiz var. Onların biliyindən bütün komandalar yararlana bilər. Raminin gəlişi göstərir ki, komandada irəliləyiş var.

Fiziki durum da daha yaxşı olacaq. Qarşıdakı turlarda "Sabah"dan daha baxımlı oyun görəcəyik.

"Səbail" də sevdiyimiz klublardandır. Onlar da yaxşı təsir bağışladı. Baxmayaraq ki, hesab açılmadı, amma maraqlı oyun keçdi.

Hakim oyunu yaxşı idarə elədi. Ən yüksək qiyməti ala bilər.

Digər Xəbərlər
Xəbər Lenti