Deyəsən, “Xəzər Lənkəran”ın Azərbaycan futboluna qayıdışı reallaşacaq.
Bir neçə gün əvvəl klubun fəxri prezidenti Mübariz Mənsimovun komandanın keçmiş futbolçuları – Zaur Ramazanov və Alim Qurbanovla görüşdən çəkilmiş şəkili sosial şəbəkə hesabında paylaşması cənublu futbolsevərlərdə inam yaradıb.
Ardınca klubun “instagram” platformasında yaradılan səhifəsində ümidverici paylaşım edilib.
Zaur Ramazanovla Alim Qurbanovun fotoları ayrı-ayrı təqdim olunaraq bu cümlələr qeyd olunub:
“10 illik həsrətə son qoymaq üçün hazırlaşan qəhrəmanlar, “Xəzər Lənkəran”ın əfsanələri Zaur Ramazanovla Alim Qurbanov.
Onlar bu formanı sadəcə geyinməyiblər. Onlar bu rənglər üçün dəyüşüblər, seviniblər, ağlayıblar.
İndi isə məqsəd birdir – illərdir yarımçıq qalan hekayəni yenidən başlamaq”.
Maraqlıdır ki, paylaşımın sonunda “Khazar Lankaran FC Official” qeyd olunub. Yəni “Xəzər Lənkəran”ın rəsmi səhifəsi.
Məlum post lənkəranlı fanatların ürəyinə yağ kimi yayılıb. Biri narahatlığını bildirib, digərini ümidlənib, bir başqası bu paylaşımdan sonra göz yaşlarını saxlaya bilmədiyini yazıb.
Paylaşıma reaksiya verənlərin arasında “Neftçi”nin və Azərbaycan millisinin üzvü Araz Abdullayevin olması diqqət çəkib.
Son mövsümü “Karvan-Yevlax”da keçirmiş 34 yaşlı futbolçu bir cümlə ilə münasibət bildirib:
“Lənkəranda oynadığımız zaman sanki Avropa aurası var idi”.
Araz yazdığı şərhlə lənkəranlıların rəğbətini qazanıb.
İnanaq və ümid edək ki, ən yaxın zamanda Premyer Liqada “Xəzər Lənkəran” fırtınası əsəcək, tribunalarda görməyə alışdığımız coşqu yaşanacaq.
HƏBİB / SPORTİNFO.AZ

