"Neftçi"nin ilk transferi Rüfət Abbasov oldu.
"Ağ qaralar"ı bu addımına görə indidən təbrik etmək olar.
Yerində atılan ağıllı addımdır.
21 yaşlı müdafiəçi iki mövsümdür "Şamaxı"da əla performans sərgiləyir.
Qısa müddətdə əsas milliyə yüksələcək səviyyədə.
Legioner limitinin ləğvindən sonra klublarımızın yerlilərə marağı həddən ziyadə azalıb.
Belə anda "Neftçi"nin istedadlı yetirməsini geri qaytarmasına sevinmək lazımdır.
Görünür, klub ötən mövsümlərdəki səhvindən dərs çıxarıb.
2 il əvvəl yetirməsi Rüfəti "Şamaxı"ya buraxan klub əvəzində Mustafa Seklə güclənmişdi.
Arxada qalan bu müddətdə Sek sadəcə karyerasının hesabına burada gününü keçirdisə, Abbasov hər ötən gün inkişaf etdi.
Fakt özü-özülüyündə isbat edir ki, hər legioner yerlidən üstündür deyə bir şey yoxdur.
Uğura aparan yol yerli və əcnəbilərin vəhdətindən keçir.
Yuri Vernidub son açıqlamasında istedadlı yerlilərə güvənməyin, həm də Azərbaycan millisini düşündüyünü bildirmişdi.
Deməli, fikirləri pafos deyilmiş.
Publikaya hesablanmayıb.
Qısa müddətdə Abbasovun transferi onun sözdə yox, əməldə də sözünə bütöv olmasını göstərir.
Ukraynalı vədinə əməl etdi.
İndi qalır gənc oyunçunun öz evində daha da parlaması.
Bizə isə sadəcə uğur arzulamaq qalır.
XANOĞLAN/ SPORTİNFO.AZ

