Konfrans Liqasına vəsiqə qazanan “Neftçi”də yenilənmənin olacağı sirr deyil.
Baş məşqçi Yuri Vernidub özündən əvvəlki həmkarlarının istəyi ilə komandaya cəlb olunan bəzi futbolçularla yola davam etməkdə maraqlı deyil.
Ukraynalı mütəxəssisin yolların ayrılmasını istədiyi legionerlərdən biri Mustafa Sekdir.
İspaniya vətəndaşlığını daşıyan Seneqal əsilli əcnəbinin müdafiə olunmaq bacarığı Vernidubu razı salmır. Baş məşqçi sol cinahda ağalıq edə biləcək birinə bel bağlamaq istəyir.
Lakin bu, Sekin “Neftçi”ni asanlıqla tərk edəcəyi anlamına gəlməməlidir.
İş burasındadır ki, Mustafanın klubla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir. Daha 1 illik sözləşmənin qüvvədə olması “Neftçi”ni mümkün ayrılıqda diqqətli olmağa məcbur edir.
30 yaşlı müdafiəçi ilə yolları ayırmaq üçün növbəti il üçün nəzərdə tutulan maaşın bir hissəsini vermək lazım gələcək. Yalnız bu halda futbolçu qarşılıqlı razılıq əsasında ayrılığa razılaşa bilər.
Vaxtilə İtaliyada “Roma”, “Empoli”, “Livorno” kimi komandaların formasını geyinmiş Mustafa Seks geridə qalan 2 ildə ağ-qara formada meydana çıxdığı 63 oyunda 2 qol ötürməsi ilə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ

