Yuri Vernidub yarım mövsümdən bir qədər artıq çalışdığı Azərbaycanda böyük nüfuz qazanıb.
Təkcə "Neftçi" azarkeşləri yox, ölkə futbolsevərlərinin mütləq əksəriyyəti ona simpatiya bəsləyir.
Ukraynalı təkcə "Neftçi"dəki uğurlu çıxışı ilə bunu bacarmayıb, həm də yanaşması, böyük danışması, təcrübəli davranması ilə buna nail olub.
Məsələn, "Kəpəz"lə görüşdən sonrakı açıqlamasına diqqət edək:
"Premyer Liqa klublarında həm yaxşı azərbaycanlı, həm də legioner futbolçular var. Seçim etsəm, bəlkə də azərbaycanlı oyunçuları seçərdim. Eyni zamanda milli komandaya da dəstək olmaq istəyirəm. Nə qədər yaxşı yerli futbolçu olsa, milli üçün faydalıdır. Azərbaycanda çıxış edən diqqət çəkən əcnəbi futbolçular da var. Əgər eyni mövqe üçün həm yerli, həm əcnəbi namizəd varsa, gərək əcnəbinin səviyyəsi daha yuxarı olsun ki, onu götürək. Səviyyələri bərabərdirsə, yerlini seçərəm".
Bir əcnəbi çalışdırıcının həm də Azərbaycan millisinin düşünməsi sadəcə alqışlanmalıdır.
Əcnəbi yerlidən daha üstün olmalıdır mesajı da öz yerində.
Təəssüf ki, bəzən bizim heç öz yerli məşqçilərimiz ortaya bu cür yanaşma qoymağı bacarmır.
Hətta açıq-aşkar "klubun işi milliyə oyunçu vermək deyil. Klubun öz maraqları var. Milli və ya yerli mənim nəyimə lazım" deyənlər də az olmayıb.
Arada Verniduba baxıb, gözünüzə su verin, bəylər!
XANOĞLAN / SPORTİNFO.AZ

