"Neftçi" üçün yeni "Şamaxı" bəhanəsi...

18 Avqust 11:40 Neftçi 1 534
"Neftçi" üçün yeni "Şamaxı" bəhanəsi...

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə cavab matçından öncə "Turan Tovuz"la Premyer Liqada oynamalı olduğu matçı təxirə salmaq üçün rəqibə ünvanladığı müraciətə müsbət cavab ala bildi.

Bu xəbərdən sonra dövriyəyə "Neftçi"nin "Şamaxı"ya etdiyi müraciət düşdü.

Belə ki, Konfrans Liqasının "Rapid"lə cavab matçından əvvəl "ağ qaralar" oxşar müraciətlə bölgə klubuna müraciət etmişdi. Amma "Turan Tovuz"dan fərqli olaraq "Şamaxı" bu müraciətə "yox" cavabı vermişdi.

İllərdi bəhanə axtarışında olan, işləri-gücləri iz itirmək, yaxalarını kənara çəkmək olan "Neftçi" rəhbərliyi və onların mediada olan dostları üçün bundan gözəl fürsət?

İddialarına bax, "Şamaxı" qərəzli mövqe tutub. Sanki əksi olsa, komandamız Vyanda rəqibə qan udduracaqdır. Kenni qolları sıralayacaq, Mbocda ikinci nəfəsə açılacaqdı. Ehtiyat qüvvə peyda olacaq, Regekampf hücum futbolu oynadacaqdır və.s, və.i.

Atalarımız elə belə yer deyib də - utanmasan oynamağa nə var ki...

Düzdü, yaxşı olardı ki, "Neftçi"niin istəyinə "ok" verilsin. Amma digər tərəfdən alınan "yox" cavabı da "Rapid" məğlubiyyətinə səbəb göstərilə və ya bunda qərəz axtarıla bilməz.

Əvvəla bu bəhanə niyə "Rapid"lə oyundan öncə də yox, sonra da yox, məhz "Qarabağ"la bağlı qərardan sonra müzakirə olunur? Deməli, fürsət üçün pusquda duranlara məqam indi yetişibmiş. Bu, müzakirənin cılız olmasının ilk və ciddi əlamətidir

Sonrası isə odur ki, "Qarabağ" da "Neftçi" kimi ilk turun "Səbail"lə matçına çıxmış, amma rəqibindən fərqli olaraq ardınca Macarıstanda tarix yazmışdı. Bir sözlə, eyni şərtlər, amma fərqli nəticə.

Əgər ədalətli müqayisə izindəsinizsə, öncə burdan başlayın, sonra "Turan Tovuz"un qərarından danışarıq...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti