Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Rapid” – “Neftçi” matçından öncə qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.
Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis sabahkı görüşlə bağlı danışıb:
“İlk oyunda qələbə qazanmışıq. Bura yenidən qələbə arxasınca gəlmişik. Çətin oyun olacağını bilirik. Çünki “Rapid” çətin komandadı. Əminəm ki, onlar bu oyuna ilk matçdakından daha yaxşı hazırlaşıb. Çünki evdə oynayırlar. Amma biz də hazırıq. Avstriyaya Bakıdakı hesabı qoruyub-saxlamağa gəlməmişik. Qələbə qazanmaq istəyirik. Bir-birimizə inanırıq. Kifayət qədər gücümüz var. Komandada təcrübəli oyunçular da yer alıb. Sabahkı oyunda qələbə qazanmaq üçün hazırlaşmışıq”.
Regekampf "Rapid"ə qarşı necə oynamaq lazım olduğunu da söyləyib: "Mənim futbolçularıma mesajım çox aydındı. Bəli, biz Bakıya pozitiv nəticə ilə qayıtmaq istəyirik. Amma hələ oyun oynanılmayıb. Sabah biz mübarizə aparmalı, aktiv olmalıyıq. Mən tərəfdən futbolçularıma olan mesajdı. "Rapid"in gücünün nədən ibarət olduğunu bilirik. Hücum xəttində çox yaxşı oyunçuları var. Onlardan ehtiyatlanmalıyıq. Onlara çox boşluq və düşünməyə vaxt verməməliyik. Qol buraxsaq belə, mübarizəni davam etdirməli və cavab qolunu vurmalıyıq.
Bakıdakı oyunda rəqibə özümüz şanslar verirdik. Onlar da bundan yararlanırdı. Çalışacağıq ki, bu oyunda həmin səhvlər təkrarlanmasın. “Rapid”ə boşluq və düşünməyə vaxt versək, onlar bizə problem yaradacaq. Bu günlərdə səhvlərimiz üzərində işləmişik. Ümidvaram və əminəm ki, bu oyunda komandam fiziki cəhətdən çox yaxşı səviyyədə olacaq. "Rapid" bizim oyunumuzu analiz edir, biz də onların. Bu, şahmat oyunu kimidi.
Hər məşqçinin özünün gedişatı, hazırlığı var. Məşqçi olaraq oyunçularıma rəqibin bütün zəif nöqtələrini göstərmişəm. Günün sonunda biz futbolçulardan asılı qalırıq. Çalışmışam ki, nə qədər məlumat var oyunçularıma çatdırım. Sabah oyun başlayandan sonra oyunçular meydanda öz işini görməlidi. Biz burada üç gün futboldan, taktikadan, hər şeydən danışa bilərik. Lakin masa üzərində qoyduğumuz tapşırıqları oyunçular meydanda yerinə yetirməlidi".
- Vaxtilə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün konfransa papaqla gələcəyinə söz vermişdi. Siz də bu cür etməyə hazırsız?
- Mən sizə hər cür söz verə bilərəm. Amma gəlin sabahkı oyunu başa vuraq. Bu oyuna ciddi yanaşaq. Çünki asan oyun olmayacaq. Biz güclü rəqibə qarşı oynayacağıq. “Rapid” Avstriyanın tarixi klubudu. Onlar da əllərindən gələni edəcəklər ki, növbəti mərhələyə vəsiqə qazansın. Əgər növbəti mərhələyə vəsiqə qazansaq, sizə hər şey barədə söz verəcəm.