Avropa Liqasında mübarizə aparacaq “Qarabağ” heyətini gücləndirməkdə davam edir.
Ağdam təmsilçisi Samuel Qomes Lobato ilə güclənib.
Samuelin adı xeyli vaxtdır “Qarabağ”la hallansa da, transfer bu dünən rəsmiləşdi.
2001 doğumlu futbolçu Portuqaliyada anadan olub. Azərbaycana gələnə qədər yalnız vətənində çıxış edib.
Vaxtilə Portuqaliyanın U-17 millisinə cəlb olunmasına baxmayaraq, sonrakı illərdə yığmaların qapıları üzünə bağlanıb.
Lobato yarımmüdafiənin mərkəzində çıxış edir. Futbol dili ilə desək, “6” və “8” nömrə funksiyalarını yerinə yetirir. Xüsusən yaradıcılıq mənasında effektli olduğunu deyə bilərik.
İşlək ayağı sağdır. Mərkəzdə çıxış etməsinə baxmayaraq, cinahlara meyillənir və hücumların qurulmasında birbaşa iştirak edir.
Əsas üstünlüyü texniki bacarığının yüksək olmasıdır. Top ondadırsa, rəqiblər üçün əsl başağırısına çevrilir. Fintləri və cəldliyi hesabına rəqibin cərimə meydançasına rahatlıqla yaxınlaşır və ya daxil olur.
Uca boya – 184 sm-ə sahib olmasına baxmayaraq, kifayət qədər sürətli olduğunu deyə bilərik. Topla hərəkətdə olarkən gövdəsindən məharətlə istifadə etməklə önündə dəhliz açmağı bacarır.
Cərimə meydançasının xaricindən rəqib qapıçıları yoxlamağı sevir. Lakin zərbə dəqiqliyinin əla olduğunu demək çətindir. Ötürmə vermək mənasında xəsis olmaması da üstün keyfiyyəti sayıla bilər.
Oyun üslubuna görə müəyyən mənada keçmiş “Qarabağ”lı Julio Romaonu xatırladır. Romao ilə müqayisədə kifayət qədər sürətlidir.
14 yaşından 20 yaşına qədər “Sportinq”in akademiyasında yer almasına baxmayaraq, əsas komandaya yükələ bilməyib. Peşıkar karyerasında debütünü “Famalicao”da etməklə sonradan “Tondela”, B-SAD komandalarının formasını geyinib. Ötən ilin yayında isə “Portimonense” ilə 3 illik sözləşməyə imza atıb.
Təbii ki, Azərbaycana gəlməsi üçün “Qarabağ” “Portimonense”yə müəyyən məbləğdə təzminat ödəmək məcburiyyətində qalıb.
Lobato 2021-ci ildən bu yana peşəkar statusla meydana çıxdığı 99 oyunda 5 qol vurub, 10 assistlə yadda qalıb.
Bu, “Qarabağ”ın yay fasiləsində heyətinə qatdığı üçüncü futbolçu olub. Samuelə qədər Zakaria Savo və Jali Muaddib “köhlən atlar”la 3 illik sözləşməyə imza atmışdı.
HƏBİB / SPORTİNFO,AZ

