2020-ci ildən «Qarabağ»ın formasını geyinən Kevin Medinanın hazırda 3 real təklifi alıb.
Saytımız bu barədə Ağdam təmsilçisindən məlumat əldə edib.
Düşərgədən redaksiyamıza verilən informasiyaya görə, kolumbiyalı müdafiəçinə Çin, ABŞ və Malayziyadan dəvət gəlib.
«Tank» ləqəbli legioner hələ son seçimini etməyib, amma bu, artıq ikinci dərəcəli məsələdir.
Çünki «köhlən atlar» mərkəz oyunçusu ilə vidalaşmağa razılıq verib. Medina ən yeni tarixdə Azərbaycanla sağollaşacaq.
O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Medina yay transfer dönəmində "Qarabağ"ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.
33 yaşlı əcnəbi buradan öz istəyi ilə gedir. İndiyədək Türkiyə, Portuqaliya və müxtəlif ərəb ölkələrindən təkliflər almış kolumbiyalı məhz indi Azərbaycanı tərk etmək fikrinə düşüb.
Bu da yaşına görə. Kevin başa düşür ki, karyerasının son illərini keçirir və indən belə çoxlu pul qazanmaq imkanı az olacaq. O, məhz bu fürsəti qaçırmaq istəmir.
SPORTİNFO.AZ

