“Neftçi” azarkeşlərinin sevimlisinə çevrilən Kenni, görün, kimdir – MARAQLI FAKTLAR

7 Avqust 2022 16:00 Neftçi 4 032
“Neftçi” azarkeşlərinin sevimlisinə çevrilən Kenni, görün, kimdir – MARAQLI FAKTLAR

“Neftçi” bu yay heyətinə qatdığı legionerlərin özünü doğrultduğunu deyə bilərik.

Bu mənada Qodsvey Donyo, Ataa Caber və Kenni Sayef xüsusi mənada seçilir.

“Ağ-qaralar”ın cari avrokubok mövsümündə vurduğu 5 qoldan 4-nün yenilərin payına düşdüyünü göz önünə alsaq, əlavə şərhə gərək qalmır.

Kenni Sayef isə artıq indidən azarkeşlərin sevgisini qazanmağı bacarıb. Yarımmüdafiənin cinahında yer alan “5 nömrə” texnikası və öldürücü zərbələri ilə seçilir ki, 3 oyunda aktivinə 2 önəmli qol yazdırıb.

Kenni Sayef kimdir? Azərbaycana gələnə qədər hansı bacarığı və uğuru ilə yadda qalıb?

Əslən İsraildən olub, ABŞ vətəndaşlığını daşıyan 28 yaşlı “solaxay” peşəkar karyerasına 2010-cu ildə start verib və geridə qalan müddətdə İsrail, Belçika, ABŞ, Polşa, kimi ölkələrdə 10 fərqli komandanın uğuru üçün tər töküb. Daha doğrusu, “Neftçi” onun üçün 10-cu iş yeridir.

Kenni karyerasının ən baxımlı illərini Belçikada – “Gent”lə “Andrelext”in heyətində keçirib. Polşada – “Lexiya”da keçirdiyi ilyarımı da uğurlu hesab edə bilərik. Ötən mövsüm şərəfini qoruduğu “Aşdod”da isə “11-liy”in əvəzolunmaz simaların hesab olunub və kifayət qədər yaxşı süzon keçirib.

Sayefin ev muzeyində Belçika çempionuğu xüsusi yer tutur. O, 2014/15 mövsümündə “Gent”lə ölkə çempionluğunu bayram edib, növbəti mövsümdə isə bu komanda ilə gümüş medallara sahib olub,

Belçika superkubokunu başı üzərinə qaldırıb. 2012/13 mövsümündə Hayfa “Hapoel”i ilə İsrail liqa kubokunun qalibi elan olunub.

“Gent”dəki parlaq çıxışı Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşməsinə səbəb olanda “Anderlext” digərlərindən cəlb tərpənib. Belçika nəhəngi 3,6 milyon avro qarşılığında Kennini transfer edib.

Sayefi əksər futbolçulardan fərqləndirən cəhət nömrə düşkünü olmamasıdır. İndiyə qədər çıxış etdiyi komandalarda eyni nömrə altında çıxış etməyib. “5”, “7”, “10”, “15” – “Nefçi”linin sevdiyi rəqəmlərdir.

Onunla bağlı ən maraqlı fakt İsraillə ABŞ yığmaları arasında seçim edə bilməməsidir. Gənc yaşlarında İsrailin U-19 və U-21 millilərinin şərəfini qoruyandan sonra əsas komandaya yüksəlib.

2016-cı ildə İsrail yığmasının heyətində Serbiya və Xorvatiya ilə yoldaşlıq görüşlərində ümumilikdə 33 dəqiqə forma geyinmək şansı qazanıb, İtaliya ilə DÇ-2018-in seçmə mərhələ oyununda ehtiyatda qalıb və çox keçmədən ABŞ millisində peyda olub.

2017 və 2018-ci illərdə ABŞ seçməsində 4 yoldaşlıq matçında 158 dəqiqə oynamaq imkanı yaxalasa da, orada da möhkəmlənə bilməyib. Ən maraqlısı odur ki, Kenni hələ də bu millilərdən heç birinə məxsus deyil.

Yəni Azərbaycanda parlaq çıxışını davam etdirsə, ABŞ və İsrail yığmaları arasında seçim etmək öz ixtiyarında olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti