Az sonra avrokuboklardakı digər ümid yerimiz “Neftçi” meydana çıxacaq.
Ölkənin ən köklü klubu son illər çempionluq mübarizəsində “Qarabağ”dan xeyli geri düşsə də, hər bir halda, hər bir vəziyyətdə “Neftçi” elə “Neftçi”dir.
Bu adın nə demək olduğunu anlamaq üçün “Rapid”lə oyun üçün satışa çıxarılan 8 min biletin matçdan bir gün əvvəl tükəndiyinə nəzər salmaq kifayətdir. Əlbəttə, “Qarabağ”la müqayisə olunmayacaq göstəricidir.
İş burasındadır ki, “Neftçi”nin 2012-ci ildən bu yana beynəlxalq arenalarda uğuru yoxdur. Komandada tez-tez məşqçi və futbolçu dəyişiklikləri olur. “Ağ-qaralar” ötən il çıxsaq, illərdir titul üzünə həsrətdir və s. və i.
Sözüm odur ki, ölkə futbol ictimaiyyəti bu gün axşam “Neftçi”dən növbəti qələbəni gözləyir. Parlaq qalibiyyət olacaq, yoxsa yox – fərq etməz. “Bakcell Arena”nın yolunu tutanlarla mavi ekran qarşısında əyləşənlər 90 dəqiqənin tamamında tablodakı rəqəmlərin bakılıların xeyrinə olmasını arzulayır.
“Qarabağ”ın uğurları komanda üzvlərinə motivasiya verməli, “Aris” üzərində 3:0-lıq möhtəşəm qələbə unudulmamalı və ən əsası, yüzminlərin ürəyinin “Neftçi” ilə döyünəcəyi göz önünə alınmalıdır.
İnanaq və ümid edək ki, bu axşam saat 22:50-də xorvat hakim Dario Belin final fitindən dərhal sonra “Bakcell Arena”dan çıxacaq qələbə sevincinin səsi “8-ci kilometr”i silkələyəcək.
HƏBİB

