Avrokuboklardakı ikinci və sonuncu təmsilçimiz “Neftçi” bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçına çıxacaq.
Rəqib Avstriya təmsilçisi “Rapid”dir.
Ötən mərhələdə Kipr təmsilçisi “Aris”ə səfərdə 0-2 uduzan komandamız evdə parlaq qələbə ilə (3-0) növbəti mərhələyə yüksəlməyi bacarmışdı.
Amma “ağ qaralar” darmadağınla qələbə qazandığı oyunda belə parlaq oyunadığını demək olmazdı.
Nəticə möhtəşəm, oyun isə ürəkaçan deyildi. Əbəs deyil ki, matçdan sonra haqqlı olaraq təmsilçimizin meydandakı oyun fəlsəfəsi(zliyi) ciddi tənqid olundu.
Xətlər arasında əlaqənin zəifliyi, kombinasiyalı hücumların yoxluğu və müdafiədə ciddi boşluqların verilməsi gözdən qaça bilməzdi.
Qələbə isə sırf futbolçulardakı döyüş ruhu, qələbə əzmi və fərdi ustalıq hesabına vurulan qollar sayəsində əldə olunmuşdu.
Artıq həmin qarşılaşmadan bir həftə keçir. Yəqin ki, bu müddətdə Regekampfın boşluqları görməsi, öz oyun fəlsəfəsini daha da təkminləşdirməsi baxımından işə yaramış olacaq.
Düzdü, ideal “Neftçi”ni bu gün də görəcəyimizə inanmaq azdır. Amma maksimum toparlanmaq mütləqdir.
Çünki rəqib ilk dəfə avrokuboklar görən “Aris” yox, bu yolda zəngin təcrübəsi olan “Rapid”dir. Avstriya təmsilçisi həm büdcəsi, həm də heyəti ilə cütün favoritidir.
Belə komandalar “Aris”lə matçlardakı səhvləri hələm-hələm bağışlamırlar.
Bu gün də komandamızın ifasında ilk matçdakı kimi oyun planında axsamalar, xətlər arasındakı zəiflik, zövqləri oxşamayan oyun görə bilərik.
Bunun əksini də heç kim Regekampfın yetirmələrindən tələb etməyəcək. Ancaq komanda rəqib güclüdür deyə əl-qolu yana salmaq da lazım deyil.
"Rapid" heç top klub da deyil. Keçilməsi çətin, amma mümkündür. Bu yolda isə iki məqam həlledici olacaq – Güclü müdafiə, fərdi ustalıq.
Güclü müdafiə - Hazırkı “Neftçi”də ciddi problemlərin başında müdafiədəki boşluqlar gəlir. Mərkəz ikilisi – Stankoviç və Kverkvilya təcrübəli olsalar da ağırdılar.
Sürətli rəqib adçəkilən əcnəbilər üçün ciddi başağrısıdır. Sağ cinahda oynayan Mboc da bu baxımdan onlardan geri qalmır.
Nisbətən Azər Salahlını yaxşı saymaq olar. Bunun nəticəsidir ki, ilk matçlarda rəqibin sürətli əks-hücumları bir qayda olaraq təhlükəli sonluqla başa çatırdı.
Sadəcə “Aris” sıf təcrübəsizlik və ustalıq səviyyəsinin aşağı olmasına görə bu boşluqları dəyərləndirə bilmədi. Amma "Rapid"lə bağlı eyni şeyi düşünmək ağılsızlıq olardı.
Fərdi ustalıq - bəli, "Neftçi" "Aris"i daha çox məhz bu detala görə məğlub etməyi bacardı. Kenni Sayef və Qodsvey Donyonun vurduğu qollara başqa izah yoxdur. Digər qol isə fərdi ustalıq olmasa da standart vəziyyətdən sonra vurulmuşdu.
Bu gün "Neftçi"nin belə tərzdə qollara daha çox ehtiyacı olacaq. Sayef və Donyodan başqa da bunu bacaracaq yerli və əncəbi futbolçu komandada yetəri qədər var. Qalır bu oyunda bacarıb-bacarmamaqları.
Qısaca fikri komplektəşdirəsi olsaq, güclü rəqiblə oyunda yaxşı nəticə üçün yaxşı oyundan çox düzgün müdafiə, fərdi ustalıq və döyüş ruhu həlledici olacaq.
XANOĞLAN İMANOV

