Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Neftçi" - "Rapid" matçının hakimləri açıqlanıb.
Qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Görüşün baş hakimi Dario Bel olacaq. Ona yan xətt hakimləri Maryan Tomas və Kristian Novosel kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tihomir Pejin yerinə yetirəcək.
34 yaşlı xorvatiyalı referini təcrübəli hakim hesab etmək çətindir. Dario Xorvatiyanın yüksək liqasında 2016-cı ildə debüt edib. Bundan 1 il sonra isə FİFA-nın beynəlxalq dərəcəsini alıb.
O, bu müddətdə 9-u milli, 5-i klub səviyyəsində olmaqla cəmi 14 beynəlxalq oyun idarə edib.
Bel cəmi 15 gün əvvəl “Neftçi”nin oyununda iştirak edib. “Ağ-qaralar” Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Limassolda “Aris”in qonağı olanda, sözügedən hakim İvan Bebekin dördüncü köməkçidi idi.
Bu isə o deməkdir ki, Dario 2 həftə əvvəl “Neftçi”nin 0:2 hesablı yenilgisinin canlı şahidi olub.
Ötən ilin oktyabrında isə “Qəbələ”nin matçını idarə edib. Bölgə təmsilçisinin U-19 komandası UEFA Gənclər Liqasında səfərdə Niderland “Alkmaar”ının qonağı olanda Bel meydanda baş verənlərə cavabdehlik daşıyıb.
Və həmin oyunda təmsilçimiz rəqibi qarşısında darmadağına üzülüb – 0:7.
İki dəfə ayağı bizimkilərə düşərli olmayan xorvat hakimin bu dəfə hansı idarəçiliklə yadda qalacağını və özü haqda hansı fikirlər formalaşdıracağını birlikdə görəcəyik.
HƏBİB / SPORTİNFO.AZ

