Limassolda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Aris”də heç kim səfərdə 0:3 hesablı acı məğlubiyyət gözləmirdi.
“Bakcell Arena”da, doğma azarkeşləri önündə rəqibini darmadağın edən “ağ-qaralar” Avropa Konfrans Liqasında üçüncü mərhələyə yüksəldi.
Limassol təmsilçisinin məşqçi və futbolçu heyəti oyundan sonra hədsiz məyus görünürdü ki, bu da başa düşüləndir.
Kiprdən Bakıya gələn və tribunadakı yerini tutan 150-dən artıq qonaq azarkeş isə uzun müddət nə baş verdiyini anlamaqda çətinlik çəkirdi.
Kiprli fanatların oyundan sonra “Neftçi”nin futbolçularını ayaqüstə alqışlanması xoş hadisə kimi yadda qaldı.
Daha bir xoş görüntü isə “Aris”in klubun “feysbuk” səhifəsi vasitəsi ilə azarkeşlərinə etdiyi müraciət və izləyicilərin komandaya göstərdiyi münasibətdir.
Müraciətdə deyilir:
“Avropa səfərimiz uzun sürmədi. Biz ümumi hesabda 2:3 uduzduq. Biz də sizinlə eyni məyusluğu yaşayırıq.
Amma bu, futboldur. Söz veririk, daha güclü qayıdacağıq. Bakıda və Kiprdə bizi dəstəkləyən dostlarımıza təşəkkür edirik!”
Azarkeşlər avrokuboklarda debütə görə “Aris”in “yerin dibinə soxmayıb”. Əksinə, məhz bu paylaşımın şərh bölməsinə dəstək xarakterli kifayət qədər xoş sözlər yazılıb:
“Evə sağ-salamat qayıdın”.
“Aris”lə qürur duyuruq”.
“Təəssüf. Kiprdəki oyun 3-4 top fərqli ilə başa çatsaydı, belə olmayacaqdı”.
“Başınız sağ olsun!”
“Eybi yox, çempionatda uğurlar!”
“Bu oyunlar çempionat öncəsi çox yaxşı məşq oldu. Ümid edirik ki, çempionatda iddialı və bizi sevindirən “Aris” görəcəyik. Baş məşqçimiz fantastikdir, amma bu yenilgidən sonra bir az böyüməlidir”.
“Hakimlərin üzündən uduzduq. Xeyrimizə penalti verilmədi, 3-cü qoldan əvvəl futbolçuları açıq-aşkar qayda pozuntusuna yol vermişdi”.
HƏBİB / SPORTİNFO.AZ

