"Qarabağ"dan güc, azarkeşlərdən dəstək alan "Neftçi"

29 İyul 2022 17:40 Neftçi 1 132
"Qarabağ"dan güc, azarkeşlərdən dəstək alan "Neftçi"

Azərbaycan gələn həftə də Konfrans Liqasında təmsil olunacaq. «Qəbələ» və «Zirə» «tamam» dedi, «Neftçi» «davam».

Lorentsiu Regekampfın bir xəbərini yaymışdıq günlər öncə. İçəridən gəlmişdi məlumat.

Səhihliyinə, səmimiyyətinə şübhə etmədiyimiz dostlardan almışdıq informasiyanı.

Deyilirdi ki, rumıniyalı baş məşqçi «Aris»lə Kiprdə keçirilən oyundan sonra paltardəyişmə otağına daxil olub və futbolçularına gülə-gülə «heç kefinizi pozmayın, Bakıda bunlara azı 3 qol vuracağıq» söyləyib.

Regekampfın dediyi gerçək oldu. «Neftçi» o 3 qolu vurdu, «Aris»i yolunun üzərindən aşırdı, «Rapid»i özünə rəqib etdi. Bunda rumıniyalının böyük rolundan danışmağa gərək yoxdur.

Sehrbaz deyil, bir şey deyil.

Əlində sehrli çubuq da tuimayıb ki, deyək, 6-7 günün içində komandanın simasını 180 dərəcə dəyişsin.

Cindar da deyil ki, bir üfürməklə futbolçuların canından qorxu hissini götürsün.

Bir deyimə görə, qalibi heç vaxt mühakimə etməzlər. Bu, bəlkə də belədir. Sadəcə, «Neftçi»yə yönəlik təzyiq və gözləntilərin çoxluğu narahatlıq doğurur.

Hələ o deyil yəni. Çox yuxarıdan biçməyə, «hər şey əladır» iddiası irəli sürməyə dəyməz.

Məşqçi işi yoxdur, görünmür, hiss olunmur. Regekampfı bu bir həftədə komandanı oyuna tamam fərqli kökləyən yeganə şəxs də hesab etmirəm.

Fikrimcə, bunda ayrı-ayrı rəsmilərin, mətbuatın, azarkeşlərin, ən başlıcası, «Qarabağ»ın təsiri daha güclü oldu bakılı futbolçulara.

Sonuncu faktorun üzərində dayanmağımız mütləqdir. «Qarabağ»ın 1 gün öncə İsveçrədə «Sürix»lə apardığı 120 dəqiqəlik «döyüş»dən ilhamlanan «Neftçi»nin oyunçuları özlərində inam hiss etdilər, həmkarlarına oxşamaq, onların yolu ilə getmək istədilər.

Üç qoldan biri də hansısa taktiki gedişin, öncədən düşülünlmüş kombinasiyanın sayəsində vurulmadı. «Aris» üzərində qələbəni məhz əzmkarlıq gətirdi.

Meydanın hər qarışında savaş açdılar, ikili, sərt çarpışmadan çəkinmədilər. Təbii, bu döyüşkənliyi «Neftçi»də görmək xoşdur, amma bir tək bunumu?

Bəli, «Neftçi»nin əksər futbolçuları «Aris»dən birbaş üstün məziyyətlərə malikdir. Bu komandaya əsl hücum futbolu oynatmaq olar.

Samir Abasovun zamanındakı kimi. Lorentsiu Regekampf «Neftçi»ni Əsgər Abdullayevin «Olimpik»i kimi oynadıb, ona oxşadıb, yalnız əzmkarlıq hesabına uğur qazanacağını fikirləşirsə, yanılır.

Bu, bir dəfə keçərli olacaq, iki dəfə keçərli olacaq, uzağı, üç dəfə keçərli olacaq. Bir yerdə dayanacaq o da.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti