"Neftçi"dən sevindirən və düşündürən qələbə

31 İyul 2022 23:00 Neftçi 1 275
"Neftçi"dən sevindirən və düşündürən qələbə

“Neftçi” Konfrans Liqasında mübarizəyə davam dedi. Komanda bunu çətin olanı bacarmaqla əldə etdi.

Hər halda ilk matçdakı 0:2-dən sonra geridönüş etmək az şey tələb etmirdi.

Amma səfərdəki ağır məğlubiyyətə, bərbad oyuna rəğmən “ağ-qaralar”ın şansları yenə yüksək qiymətləndirilirdi.

Çünki avrokuboklarda ilk dəfə çıxış edən rəqib çox təcrübəsiz idi. Bundan başqa oyun olaraq da xüsusi bacarıqları olmadığı ilk 90 dəqiqədə diqqətdən qaçmamışdı.

Sadəcə “Neftçi” o qədər bərbad oynamışdı ki, rəqib belə asan qələbə ilə Bakıya gəlirdi. Amma yaxşı hesaba rəğmən kiprlilərdə də narahatlığı sezməmək mümkün deyil. Komandamızdan gələn iddialı, inamlı açıqlamalar da bunda az rol oynamamışdı.

Tək lazım olan şey “ağ –qaralar”ın Kiprdəkindən bir qədər yaxşı oynaması idi. Hətta bu da cütün taleyini həll etməyə yetərli idi.

Elə də oldu. “Neftçi” çox yaxşı yox, bir qədər yaxşı oynamağı bacardı. İlk hissənin sonlarında vurulan qol yerinə düşdüsə, fasilədən sonrakı ardıcıl iki qol mərhələni keçməyi də təmin etdi.

Qaliblər heç vaxt mühakimə olunmur. Regekampfın yetirmələri də bu gün təbrikləri haqq edir. Sevinmək haqqlarıdır. Amma arxayınlaşmaq da olmaz.

Ki, yuxarıda qeyd etdiyimi kimi, “Neftçi” çox da yaxşı oynamadı. Qələbə isə oyunçuların fərdi səviyyəsi hesabına vurulan qollarla gəldi. İlk qolda Qodsvey Donyo rəqib müdafiəsini təkbaşına pərən-pərən saldısa, son qolda Kenni Sayef uzaqdan möhtəşəm zərbə ilə “Aris”i təslim olmağa məcbur etdi. İkinci qolda isə standart vəziyyətdən sonra Eddi İsrafilov başla fərqləndi.

Vurulan qollar özü 90 dəqiqənin əyani göstəricisidir. Digər hallarda da təmsilçimiz ən yaxşı halda uzaqdan zərbələrlə rəqib qapısında təklükə yarada bilirdi. Hətta cəhd edirdi desək, daha doğru olar. Son 3 cümlə dərs çıxarmaq üçün yaxşı dərslik olmalıdır. Bir sözlə, bu qələbə hamını sevinməklə bərabər, həm də düşünməyə məhkum etmiş oldu.

Ki, “Neftçi”də məşqçi işi, oyun planı, sistemi hələ də görünmür. “Rapid”lə oyuna isə sayılı günlər qalır. Sevinməklə bərabər, oyun ruhunu da yaxşılaşdırmaq mütləqdir.

Bu qələbə ümidlənməkdən çox, toparlanmaq üçün böyük fürsət yaratmış oldu. Rumıniyalı mütəxəssis hər nə qədər mükəmməl oynadıq desə də, yəqin ki, özlüyündə çox şeyin hələ düzəlməli olduğunu yaxşı bilir.

Əks halda, növbəti dəfə sevinmək mümkün olmaya bilər. Ki, bu dəfə daha sanballı, daha çətin rəqib gəlir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti