Vəziyyət yenə həmişəki kimidir.
Avrokuboklarda mübarizə aparan komandalarımızdan ümid əsasən “Qarabağ”la “Neftçi”yədir.
Ona görə ki, bu iki komanda ölkənin sayılıb-seçilənlərindən hesab olunur. Hər ikisinin özünəməxsus tarixi, ayrı-ayrı dönəmlərdə uğurları var.
Hər ikisi maliyyə imkanlarına görə ölkədə digərlərini üstələyir. Qısası, hər ikisi ölkə futolsevərlərinin ümid mənbəyidir.
Ağdamlılar “Sürix”lə Bakıdakı oyunda nəyə qadir olduğunu göstərib 3:2 hesablı qələbəyə sevindi. İsveçrədəki qarşılaşmada da istəyinə çatacağına hədsiz inam var.
“Neftçi” isə hər yay olduğu kimi, bu dəfə də uçurumun bir addımlığındadır. Bakılılar Kiprdə biabırçı oyunla “Aris”ə boyun əyib (0:2) işini xeyli çətinə salıb.
Son bir həftədə “Neftçi”də kimi dindirirsən, cavab matçını işarə verir. Klubun prezidenti də, baş məşqçisi də. Futbolçuları danışdırsan, onlar da rəqibə meydan oxuyacaq.
Bəli, “Neftçi” cümə axşamkı oyunda “Aris”ə yerini göstərməlidir. Avrokuboklardakı oyunları saya gəlməyən 85 yaşlı komanda avrokuboklarda debüt edən rəqibini nəyin bahasına olursa olsun udmalı, mərhələni adlamalıdır.
Xərclənən milyonların qarşılığında “Aris” səddinin keçilməməsi “Neftçi” üçün rəzalət olacaq. Başqa ad axtarmağa gərək yoxdur. Komandaya əcnəbi baş məşqçi gətirilib, legionerlər iki əldəki barmaqların sayından çoxdur, kluba lazımi qədər pul ayrılmaqdadır.
Baş məşqçinin yeni olması, vaxt azlığı, legionerlərin komandaya alışması – bunlar heç kimi maraqlandırmır. Maraqlandıra da bilməz.
Klubdakı əsas söz sahiblərini ora təyin edənlər düzgün idarəçilik üçün həmin şansı veriblər. Vaxt azlığı ilə problem varsa, bu, birbaşa rəhbərliyin günahıdır. Azarkeşin, yaxud jurnalistin yox.
Ona görə də mərhələni adlamaq “Neftçi”nin və “Neftçi”dəkilərin boynunun borcudur.
HƏBİB

