"Neftçi"nin prezidenti Kamran Quliyev baş məşqçisi Laurentsiu Regekampfı ciddi-cəhdlə müdafiə etməsinin səbəbi olub.
O, mətbuata son açıqlamalarında «Aris»ə 0:2 hesablı məğlubiyyətdən danışarkən, rumıniyalı mütəxəssisin lehinə ifadələr işlədib.
Quliyev Konfrans Liqasına yenilgi ilə başlamaqlarına baxmayaraq, yeni çalışdırıcıya sahib çıxacaqlarını, dəstək olacaqlarını bildirib:
"Bu gün Laurentsiu Regekampfla müqaviləmizdən artıq 1 ay keçdi. Regekampf çox böyük peşəkardır, yaxşı insandır. Bir həftədən çox Boluda birlikdə olduq.
Bir oyuna görə heç kimi mühakimə etmək olmaz. Onun komandamıza, klubumuza verəcəyi keyfiyyəti zamanla alacağıq.
Laurentsiu məşqçilik karyerasında uzun yol qət edib. Ona sahib çıxmamağa nə var ki? Tənqid etmək olar.
Dəstək verməmək, 2-3 oyuna görə küsmək... Regekampfa öz fəlsəfəsini yeritmək, qurmaq üçün vaxt lazımdır. Sərəncamında gözəl futbolçular da var.
İnanmaq istəyirik ki, işbirliyi fayda gətirəcək. Baş məşqçimizə sahib çıxmışıq, çıxacağıq da".
Kamran Quliyevi belə danışmağa rumının özü inandırıb. Kiprdəki məğlubiyyətə həsr olunan toplantıda danışan baş məşqçi narahatlığa əsas görmədiyini bildirib.
O, Boludakı yoxlama görüşlərində komandanın yaxşı təsir bağışladığını xatırladıb, yeni mövsümün ilk rəsmi oyunlarının həmişə çətin keçdiyini qeyd edib.
Regekampf iddia eləyib ki, Bakıdakı cavab qarşılaşması 180 dərəcə fərqli məcrada keçəcək və böyükhesablı qələbə əldə olunacaq.
Son 11 ildə 16 klub dəyişmiş rumıniyalı deyib ki, sərəncamındakı heyətin böyük potensialı mövcuddur və «Aris»i mübarizədən kənarlaşdırandan sonra Konfrans Liqasında daha 1-2 mərhələ keçmək mümkündür.
Regekamfp rəhbərlikdən öncə futbolçuları şoka salıb. Hadisə Kiprdə – «Aris»lə matçdan dəqiqələr sonra baş verib.
Belə ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmada 0:2 hesabıyla uduzan «ağ-qaralar»ın çalışdırıcısı paltardəyişmə otağına daxil olaraq, oyunçulara gülə-gülə «niyə dilxorsuz» sualı verib.
Komanda üzvlərinin bu sualdan çaşbaş olduğunu görən rumıniyalı çalışdırıcı «düzdür, burada çox pis təsir bağışladıq, amma kefinizi pozmayın, Bakıda «Aris»ə 3:0 hesabıyla qalib gələcəyik» söyləyib.
SPORTİNFO.AZ

